Su polisi əməliyyat keçirib, saxlanılan var - VİDEO


Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat nəticəsində külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitənin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, İdarəyə Astara rayonunda dəniz kənarı yerlərdən birində naməlum şəxsin külli miqdarda narkotik vasitəni satmaq məqsədi ilə əldə etdiyi barədə əməliyyat məlumatı daxil olub. Dərhal həmin şəxs əməliyyat nəzarətinə götürülüb və onun hərəkət trayektoriyası öyrənilib. Su polisləri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən şəxs bağlamaları götürüb hadisə yerindən uzaqlaşmaq istəyən zaman saxlanılıb. Polis İdarəsində araşdırma aparılan zaman həmin şəxsin əvvəllər məhkum olunmuş Elçin Bəşirov olduğu müəyyən edilib. Onun əlindəki çantaya baxış keçirilərkən 5 ədəd bağlamada qablaşdırılan yüksək təsiredici xassəyə malik ümumi çəkisi 8 kiloqram 345 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Elçin Bəşirov ifadəsində narkotik maddələri xarici ölkələrdən birində yaşayan və sosial şəbəkələrdə tanış olduğu şəxsdən satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və o, tutularaq istintaqa cəlb edilib. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq balıqçılıqla məşğul olan, xüsusən də nərəcinsli balıqların ovlanmasını həyata keçirən, Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələri gətirməyə çalışan, eləcə də adı “Qırmızı Kitab”a düşən quşların ovlanması və digər ekoloji cinayətlər törədən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir. İdarənin əməkdaşları tərəfindən həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi olaraq aparılır.

"Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top