Yanğın böyüyür - VİDEO + YENİLƏNİB


Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye Parkı“ kompleksinin ərazisində baş verən yanğının əhatəsi genişlənir.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, yanğının əhatə dairəsi böyüyüb. Göstərilən səylərə baxmayaraq yanğını söndürmək hələ mümkün olmayıb.

Yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.

Hazırda yanğının lokallaşdırılması və söndürülməsi üzrə tədbirlər davam etdirilir.

Qeyd edək ki, ətraf mühit və insanlar üçün ciddi təhlükə yarada biləcək partlayıcı və zəhərli maddələri anbarlardan çıxararaq təhlükəsiz yerə daşınıb, işçilərin təxliyəsini təmin olunub.


***22:47

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi Sumqayıtdakı yanğınla bağlı birgə məlumat yayıb. 

Yeniavaz.com xəbər verir ki, məlumatda göstərilir ki, 28 aprel 2022-ci ildə saat 17:20 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində yanğın hadisəsi baş verib.

Daxil olmuş məlumat əsasında dərhal Baş Prokuroluğun və FHN-nin əməkdaşları hadisə yerinə çıxmışlar.

İlkin araşdırmalar zamanı müəyyən edilmişdir ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə etmişdir.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və FHN-nin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılmışdır.

Yanğının lokallaşdırılması və söndürülməsi üzrə tədbirlər davam etdirilir.

Yanğın söndürüldükdən sonra hadisənin baş vermə səbəbləri və dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq hərəkətləri həyata keçiriləcək.


***21:24
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində başlayan yanğın davam edir.

Yeniavaz.com xəbər verir ki, İctimai TV yanğının baş verdiyi ərazidən video görüntülər yayımlayıb.

Qeyd edilib ki, hadisə yerində partlayış səsləri eşidilir.

Həmin sujeti təqdim edirik:

 


***20:14

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərinə cəlb edilib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri ilə yanaşı, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, eləcə də yanğın qatarı yanğının söndürülməsi əməliyyatına cəlb olunub. Əlavə məlumat veriləcək.


***18:25

"Azərsun Sənaye Parkı”nda yanğın başlayıb.

Bu barədə Yeniavaz.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.


***18:18
Sumqayıtda yerləşən zavodların birində yanğın başlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Bakupost məlumat yayıb.

Bildirilib ki, Bakı-Quba yolunun kənarında yerləşən iri zavodlardan birində başlayan yanğın hələ də davam edir.

DİGƏR XƏBƏRLƏR

Top