"Kamera məhz həmin gün oğurlandığım istiqamətdə fırlanmayıb"


“Bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmişdim ki, cinayətdən 6 gün sonra istintaqa verilmiş “Təhlükəsiz Şəhər” kamera görüntülərinə baxaq. Baxışa başladıq və məlum oldu ki, 2 statik kameradan əlavə altdakı fırlanan kamera məhz hadisə günü məni oğurlayan maşın istiqamətinə fırlanmayıb. Saatlarla... Nəinki o tərəfə, ümumiyyətlə, fırlanmayıb”.
Yeniavaz.com
xəbər verir ki, bunu ictimai fəal Bəxtiyar Hacıyev sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
“Son bir neçə gündür o kameranı müşahidə edirəm, işləyir, fırlanır. Bir neçə fərqli vaxtda kameranın fırlanmasını da videoçəkilişlə qeydə almışam. Sual yaranır ki, mənə qarşı törədilmiş cinayətdə hüquq-mühafizə orqanlarının əli yoxdursa, DİN-in “Təhlükəsiz Şəhər” kamera sisteminə kim müdaxilə edib kameranı bir istiqamətdə kilidləyə bilər?
Bu fakt özü bir daha mənim ehtimalımı təsdiq edir. Küçədən keçən cinayətkarlar DİN-in təhlükəsizlik kamerasını dondura bilir, yoxsa, bu kameralara əli çatan şəxslər törədib cinayəti?”, - B. Hacıyev bildirib.
Qeyd edək ki, Bəxtiyar Hacıyev aprelin 23-dəki paylaşımında qara maskalı şəxslər tərəfindən girov götürüldüyünü, fiziki və mənəvi zorakılığa məruz qaldığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top