“Prezident 4 ay vaxt vermişdi, 1 ildir xəbər yoxdur”


“Azərbaycanda idarəetmə sahəsində çox pis bir ənənə formalaşmaqdadır. Prezident aktual, strateji əhəmiyyət kəsb edən  vacib məsələ ilə bağlı ciddi bir fərman imzalayır. Aidiyyatı qurumlara konkret müddət göstərməklə tapşırıqlar verilir. Vəssalam, bundan sonra sanki quyuya daş atılır. Tapşırıqlar nəinki həmin müddət, hətta  uzun müddət, uzun illər icra olunmur”.
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun direktoru Osman Gündüz sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
“Ötən ilin bu günü Prezident “Rəqəmsal Azərbaycan” konsepsiyasının hazırlanması ilə bağlı fərman verib. Bu fərmana görə, Nazirlər Kabineti 4 ay ərzində konsepsiyanı hazırlayıb Prezidentə təqdim etməli idi. Bu gün fərmanın verilməyinin bir ili tamam oldu. Hələ də konsepsiyadan xəbər yoxdur. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmiləri çıxışlarında konsepsiyanın çoxdan hazırlandığını və aidiyyatı qurumların razılaşdırmasına verildiyini bildiriblər. Onda belə çıxır ki, bu cür strateji bir sənəd hansısa bir mərkəzi orqanda ilişib qalıb, güman ki, heç gedib NK-yə də çatmayıb”, - O. Gündüz bildirib.
O, buna əlavə bir misal da çəkir:
“Ötən ilin bu ayı Prezident daha bir vacib məsələ ilə bağlı, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması ilə əlaqədar tapşırıq verib. Bir il tamam olub. Maraqlıdır ki, ölkədə “Ağıllı şəhər” və “Ağıllı kənd” quruculuğu istiqamətində ciddi işlər də aparılır. Bu gün-sabah, güman ki, Prezident Qarabağda layihələndirilən “Ağıllı şəhər”in açılışını da edəcək. Amma qəribədir ki, konsepsiya ortada yoxdur. Bu sənədin layihəsinin də çoxdan hazırlanaraq razılaşdırmalara verildiyi bildirilirdi. Güman etmək olar ki, yenə haralardasa, hansısa mərkəzi icra qurumunda, kiminsə stolunun üstündə razılaşma gözləyir”.
O. Gündüz bildirir ki, elə sənədlər var ki, onların hazırlanması tapşırığı illər öncə verilib:
“İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik konsepsiyasının hazırlanması üçün 4 il öncə, İnnovasiyaların inkişafı konsepsiyasının hazırlanması üçün 3 il öncə Prezident fərmanı ilə tapşırıqlar verilib. Cavabdeh qurumlar tərəfindən bu sənədlərin layihələrinin də hazırlanıb başa çatdırıldığı bildirilsə də, hələ də bu sənədlər ortada yoxdur. Güman ki, bunlar da hansısa mərkəzi orqanlarda razılaşmalardadır. Təsəvvür edin ki, bu sənədlərin adında “innovasiya”, “rəqəmsallaşma”, “texnologiya” sözləri var. Hansı ki, bu sahələr nəinki illər ərzində, hətta hər gün dəyişir. Belə olduğu təqdirdə bu tip sənədlərin bu qədər ləngidilməsi, düşünürəm ki, yolverilməzdir”.
AİF direktoru sonda qeyd edir ki, Prezident Administarsiyasında icraya nəzarət şöbəsi yeni yanaşmalar tətbiq etməlidir:
“İcraya nəzarətlə bağlı yaradılan elektron sistemə ictimai nəzarət imkanları yaradılmalıdır. İcraya nəzarət sərtləşdirilməlidir. Məsələn, hansısa layihənin razılaşmaları üçün də konkret bir vaxt müəyyən etmək lazımdır. Eyni zamanda yaxşı olar ki, hansısa bir sənədin layihəsinin hazırlanması prosesi, onun gedişi də şəffaf olsun, cəmiyyət görsün ki, sənəd hansı dövlət qurumunda və nə üçün “ilişib qalıb””.

DİGƏR XƏBƏRLƏR

Top