Bəxtiyar Hacıyev Vilayət Eyvazovla görüşdü - YENİLƏNİB


Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovla görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o öz "feysbuk" hesabında yazıb.
"Daxili işlər naziri V.Eyvazov ilə görüşümüz oldu. 2 saatdan artıq davam edən görüşdə DİN ilə olan problemlərin ilk gündən bu günə necə gəlməsi, DİN-in qanunsuz bir çox addımları barədə açıq söhbətimiz oldu. Son hadisə ilə bağlı bildirildi ki, burada əsas hədəf DİN-dir, onların heç bir marağı yoxdur, yaxın müddətdə araşdırma aparıb, nəticəsini bildirəcəkləri deyildi. Mən də cinayətkarlar tapılmayana, cəzalanmayana qədər bu günə qədər baş vermiş bütün hadisələrin, o cümlədən son hadisənin sifarişçi və icraçıları olaraq DİN-i görəcəyimi, bundan sonra da başıma gələcək hadisələrlə bağlı DİN-in məsuliyyət daşıyacağını bildirdim"-deyə o qeyd edib.
***15:40
İctimai fəal Bəxtiyar Hacıyev qara maskalı şəxslər tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirib.
Yeniavaz.com xəbər verir ki, Bəxtiyar Hacıyev bu barədə məlumatı özünün "facebook" profilində paylaşıb.
İctimai fəal yazıb ki, 21 aprel saat 23 radələrində 4 nəfər qara maskalı şəxs onu zorla maşına əyləşdirərək, başına qara torba keçirərək naməlum istiqamətdə aparıblar: “Evə getmək üçün M.Naxçıvani və Z.Əhmədbəyov küçələrinin kəsişməsində avtomobilimə yaxınlaşanda zibil qablarının arasından bir nəfər üstümə hücum çəkdi. Bu anda 4 nəfər qara maskalı şəxs məni zorla maşına əyləşdirərək, başıma qara torba keçirərək məni naməlum istiqamətdə apardılar.
Torbanın üzərindən yapışqan lentlə gözlərimi, əllərimi bağlayıb, ətrafdakı səsləri eşitməməyim üçün qulağıma torbanın üstündən qulaqlıqlar yerləşdirib, gözlərimi və qulaqlarımı var gücləri ilə sıxmışdılar”.
Bəxtiyar Hacıyev daha sonra qeyd edib ki, bir müddət getdikdən sonra onu düşürüb başqa maşına keçirdiblər: “Bu maşında isə başqa 4 nəfər vardı. Onlar da eyni qaydada naməlum istiqamətdə sürməyə davam etdilər, bir müddət sonra məni qaranlıq bir yerdə, mənzilin hamam hissəsinə gətirdilər. Burada gözlərimi açıb, məni təhqir etməyə başladılar, tələb etdilər ki, V.Eyvazovla bağlı tənqidi postlarımı kimin tapşırığı ilə yazdığımı deyim. Mən heç kimdən tapşırıq almadığımı deyəndə paltarımı çıxarıb, üzərimə sidik ifraz etmək kimi nalayiq davranışlarla tələb etdilər ki, Vilayət Eyvazov və Fuad Muradov ilə bağlı postlarımı silim və bu tələblə əksər postları sildirdilər. (Sonuncu postlarım şəhid yoldaşlarını aldadaraq onlardan pul tələb edən, özünü DİN-ə yaxın sayan, həbs edilməmiş dələduzlarla bağlı idi.) Mən "Allahınız olsun" deyəndə müqəddəs Ramazan ayında Allaha qarşı çox təhqiramiz söyüşlər söydülər”.
Bəxtiyar Hacıyev iddia edir ki, baş verən bütün proseslərin video çəkilişi aparılıb: “Nazirlə bağlı tənqidlərimi davam etdirəcəyim təqdirdə məni zorlamaq, öldürməklə bağlı xəbərdarlıq etdilər. Bundan sonra yenə gözlərimi bağlayıb, gətirdilər naməlum bir yerə. Orada da başqa maşın və 4 şəxs təhvil aldı, o da bir müddət sürdükdən sonra qaranlıq, düzənlik bir yerdə gözlərim və əllərim arxadan yapışqan lentlə bağlı şəkildə maşından düşürdülər. Mən əllərimi və gözlərimi açanda ərazidən uzaqlaşmışdılar. Ətrafda yol, maşın, yaşayış yox idi. Bir müddət gözlədikdən sonra əraziyə daş boşaldan bir “Kamaz”ın gəldiyini gördüm. Sürücü məni yol kənarına qədər gətirdi, oradan da taksi ilə şəhərə qayıtdım. Sürücü məni götürəndə ərazinin Ramana qəsəbəsi olduğunu dedi”.
Bəxtiyar Hacıyevin yazdığı iddialara münasibət almaq üçün DİN-ə ünvanladığımız suala cavab ala bilmədik.
 

DİGƏR XƏBƏRLƏR

Top