
Mingəçevirdə fəaliyyət göstərən Texniki Humanitar liseyin STEAM layihəsində iştirak edən şagirdləri robot fil hazırlayıblar.
Yeniavaz.com xəbər verir ki, şagirdlərin hazırladıqları fil, hərəkət edir, səs çıxarır, xortumu ilə yük də qaldıra bilir.
8-ci sinif şagirdlərinin 5 günə hazırladıqları əl işi, plastik materialın hissələrindən yığılıb. Məktəblilər robot filin hərəkəti üçün ona proqram yazıblar ki, bu da onun səs çıxarmasına, müəyyən hərəkətlər etməsinə kömək edir.
Liseyin informatika müəllimi Leyla Camalova şagirdlərinin çətin işin öhdəsindən gələ biləcəyinə tərəddüd edib, amma yeniyetmələr üzərlərinə düşən işi bacarıblar.
L. Camalova bildirib ki, son illər bölgələrdə də orta məktəblərdə STEAM layihəsi tətbiq olunur. Mingəçevirli məktəblilər də bundan yararlanaraq biliklərini, bacarıqlarını nümayiş etdirə bilirlər. Liseyin şagirdləri 3D proqramlarından istifadə etməklə, müxtəlif rəngli əşyalar, fiqurlar, modellər hazırlayaraq onu 3D printerlər vasitəsi ilə çap edirlər.
Mingəçevir Texniki Humanitar liseyin direktoru Nailə Məmmədova bildirib ki, liseyin şagirdləri STEAM layihəsi çərçivəsində iştirak etdikləri yarışlarda yüksək yerlər tutmağı bacarıblar.
Firuzə, Vüsal və Osman deyir ki, hazırladıqları robotlar hər kəsin marağına səbəb olub. Şagirdlər bildirir ki, bu sistem onların yaradıcılıq və intellektual qabiliyyətlərin formalaşmasına töhfə verir.
Qeyd olunub ki, yaxın günlərdə liseydə, məktəblilərin əl işlərindən ibarət sərginin təşkil edilməsi də planlaşdırılır.




Esmira Hidayətova, Mingəçevir.
Tətbiqimizi yükləyə bilərsiniz