Bakıda yol qəzalarının dəhşətli statistikası - 52 nəfər ölüb


Bu ilin yanvar-mart ayları ərzində Bakı şəhərində baş verən avtomobil qəzalarının sayı açıqlanıb.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, cari ilin yanvar-mart aylarında 125 yol-nəqliyyat hadisəsi qeydə alınıb:

“Paytaxtda qeydə alınan qəzalar nəticəsində 52 nəfər həlak olub, 96 nəfər yaralanıb. Son üç ay ərzində paytaxtda fəaliyyət göstərən avtobusların iştirakı ilə 2 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə ölən olmasa da, 2 nəfər xəsarət alıb.

Yük avtomobilləri ilə 5 hadisə olub, 5 nəfər ölüb, 3 nəfər yaralanıb. Mopedlərlə 5 hadisə olub, 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Motosikletlə 1 hadisə olub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Velosipedlə 1 hadisə olub, 1 nəfər yaralanıb. Azyaşlılarla bağlı 6 hadisə olub, 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Ümumi baş vermiş yol-nəqliyyat hadisələrinin 25,6 faizində sürət həddinin payı var”.

“Son 3 ay ərzində piyada vurması ilə nəticələnən 89 hadisəsi qeydə alınıb ki, nəticədə 38 nəfər ölüb, 59 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə piyadavurma hadisələrinin sayı çox olub”, - DYP rəsmisi vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top