
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiya Müdafiə Nazirliyinin Kiyevdəki hökumət binalarını atəşə tuta biləcəyi ilə bağlı təhdidlərinə cavab verib.
Yeniavaz.com “UNİAN”a istinadən xəbər verir ki, o, bu barədə “Feygin Live” kanalına müsahibəsində bildirib.
Aretoviçin sözlərinə görə, Ukrayna belə vəziyyətə hazırdır, çünki Kremldən hər şey gözləmək olar:
“Üstəlik, onların xarakterini bildiyimə görə, sülh sazişinin bağlanmasına son gündə zərbə vuracaqlarına şübhəm yoxdur, bunlar Kremldir. Amma qərarların verildiyi rəhbər qurumları vuracaqlarını da bildiriblər. Yəni, Ukraynanın hərbi idarəetmə orqanları, güc strukturlarının bütün mərkəzi aparatları təhlükə altındadır. Bəlkə, Ali Rada, bəlkə, Nazirlər Kabineti, bəlkə də Prezident Aparatı. Biz buna hər zaman hazırıq, qoy vursun, görək”.
Arestoviç həmçinin Rusiyanı cavab zərbəsi ilə hədələyib və Ukraynanın belə reaksiya üçün əla imkanlara malik olduğuna diqqət çəkib:
“Sadəcə yadda saxlamaq lazımdır ki, idarəetmə sistemlərimizdə hər hansı bir atış üçün öz imkanlarımız var. Burada dərəcələrin artırılması məsələsində diqqətli olmaq lazımdır. Mən dərhal demək istəyirəm, əla imkanlarımız var. Və hələ ki, onlardan istifadə etmirik. İstənilən müharibənin eskalasiya dərəcəsi var. Əgər eskalasiyanı artırmaq istəyirsinizsə, gəlin artıraq”.
Qeyd edilib ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi Ukraynanı Kiyevdəki hökumət binalarına zərbələr endirməklə hədələyib.
Tətbiqimizi yükləyə bilərsiniz