Uşaqlar niyə qətlin törədildiyi otaqdan çıxarılmayıb? - VİDEO


Xəbər verdiyimiz kimi, ötən gün Polis Şöbəsində həyat yoldaşı Xanım Məmmədovanı öldürən polis serjantı İsmayıl Məmmədovun saxlanma anının görüntüləri yayılıb. Görüntülərdə hadisədən sonra İ. Məmmədovun qətli törətdiyi otaqdan çıxışı, saxlanılması və X. Məmmədovanın nəşinin aparılması əks olunub.
Yeniavaz.com xəbər verir ki, kadrlarda cütlüyün övladlarının qatil saxlanılana qədər analarının qətl edildiyi otaqda qalması əks olunub.
Bu barədə Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə də sosial şəbəkə hesabında yazıb.
“4 dəqiqə 43 saniyədir video. Təsəvvür edirsiniz, bunun canlı şahidi olan uşaqlar 4 dəqiqə 43 saniyəni də içəridə, anaları qətl olunan yerdə keçirir. O dəqiqələr onların ömrünə, ömürlərinin sonunadək yazıldı. Qətl baş verən otaqda olmuşam. 9 kvadratmetr ola, ya olmaya. Orada olduğum zaman o masada, oturacaqda güllələrin izləri vardı. Otaqda olan polis əməkdaşının səyi nəticəsində 2 uşaq və xala sağ qalıb. Güllələrin izlərini gördüyümdə sanki qətlin canlı şahidiydim. 4 dəqiqə 43 saniyəni izləməyə cəsarətimiz çatmır. Uşaqların isə ömrünün sonunadək yazıldı”, - K. Ağazadə qeyd edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu göndərdik. Nazirlikdən istintaqın Prokurorluq tərəfindən aparıldığı bildirildi. Baş Prokurorluqdan isə müraciətimizə aidiyyəti üzrə hər hansı cavab verilmədi.
Qeyd edək ki, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində serjant İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İsmayıl Məmmədov 18 il azadlıqdan məhrum edilib.

DİGƏR XƏBƏRLƏR

Top