DGK mətbuatda yayılan ukraynalı sürücülərlə bağlı xəbərə aydınlıq gətirdi


Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Ukraynada daimi qeydiyyatda olan yük nəqliyyat vasitələrinin gömrük orqanları tərəfindən 800 ABŞ dolları məbləğində cərimə olunduğuna dair məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Yeniavaz.com-a verilən xəbərə görə, həmin nəqliyyat vasitələrinin sürücüləri Ukrayna ərazisində davam edən hərbi əməliyyatlar səbəbilə Azərbaycanda müddətdən artıq qaldıqları üçün cərimə olunduqlarını iddia ediblər.

Dövlət Gömrük Komitəsi bildirir ki, həmin nəqliyyat vasitələrinə hər hansı cərimə tətbiq edilməyib. Ancaq mövcud qanunvericiliyə müvafiq olaraq yük nəqliyyat vasitələri yol vergilərinə cəlb olunub.

Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.

Bu məcəlləyə əsasən yük avtomobilləri, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən, oxların sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi cəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq yol vergisinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir.

Bununla yanaşı beynəlxalq avtomobil əlaqələri haqqında ikitərəfli Sazişlərə əsasən xarici dövlətlərə məxsus yük nəqliyyat vasitələri müvafiq kvota çərçivəsində mübadilə edilmiş “İcazə” blankları ilə ölkə ərazisinə daxil olduqda və ya tərk etdikdə həmin sazişdə yol vergisindən azadolma nəzərdə tutulduğu halda yol vergisindən, tutulmadığı halda yalnız dövlət rüsumundan azad olunurlar.

1 iyul 1999-cu il tarixli “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bağlanmış Beynəlxalq Avtomobil Nəqliyyatı haqqında Sazişə” əsasən yük nəqliyyat vasitələri qarşılıqlı əsasda kvota çərçivəsində mübadilə edilmiş “İcazə” blankları ilə yol vergisindən azad olunurlar.
Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 211.1.1.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən kvotalar çərçivəsində mübadilə edilmiş "İcazə" blankları ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq, bu Məcəllənin 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq yol vergisinə cəlb edilirlər. Həmin yük nəqliyyat vasitələri qanunvericilikdə nəzərdə tutulan müddətdə ölkə ərazisini tərk etmədikləri üçün yol vergilərinə cəlb olunublar.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi öz fəaliyyətini qüvvədə olan qanunvericiliyə və Beynəlxalq Sazişlərə uyğun olaraq həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

DİGƏR XƏBƏRLƏR

Top