9 aprel 2022-ci il tarixində Beynəlxalq Coğrafiya Olimpiadasında (IGEO) və Avropa Coğrafiya Olimpiadasında (EGEO) işitirak edəcək komandanın seçim imtahanı təşkil edilib.
Yeniavaz.com xəbər verir ki, imtahanda 2021-ci il RFO qalibləri və Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant müsabiqəsinin qalibi olan “Coğrafiyadan şagirdlərin Beynəlxalq Coğrafiya Olimpiadasına (EGEO və IGEO) hazırlığı – III modul” layihəsindən şagirdlər iştirak edib.
“Coğrafiyadan şagirdlərin Beynəlxalq Coğrafiya Olimpiadasına (eGeo və iGeo) hazırlığı – III modul” layihəsnin rəhbəri Yaşar Seyidəliyev Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrant müsabiqələrinin üç il ard arda qalibidir. O, ölkə üzrə Beynəlxalq Coğrafiya müsabiqələrinə komanda hazırlığını təşkil edir. I Qrant müsabiqəsi çərivəsində 2020-ci ildə ilk dəfə ölkə təhsil tarixində məktəblilərimiz beynəlxalq fənn müsabiqəsindən, Avropa Coğrafiya Olimpiadasından (EGEO) iki bürünc medal gətirib. Qaliblər Türk Dəyanət Vəqfinin 11-ci sinif şagirdi Mustafa Bayramlı və 309 nömrəli məktəbin 9-cu sinif şagirdi Hüseyn Hüseynli idilər. Mustafa Bayramlı hazırda ABŞ Penn Universitetində tam təqaüdlə təhsilini davam etdirir. Hüseyn Hüseynli isə 11-ci sinif şagirdidir.
Bu il EGEO Serbiyada və IGEO isə Fransada onlayn təşkil olunacaq. Komandamızı təmsil edən şagirdlərin seçim imtahanı “Fortis Academy”də keçirilib. İmtahan 10:00-da başlayıb 13:00-da bitib. İmtahan iki bölmədən ibarət idi: açıq suallardan ibarət olan hissə. Bu hissədə şagirdlərə təqdim olunan suallar açıq suallardır və şagirdlər təqdim olunmuş xəritə, cədvəl, qrafik, sxem, şəkil və digər məlumatlardan istifadə edərək tələb olunan cavabı yazı ilə yazmalıdırlar. Bu cavabların maksimal balı 70 olub, 13 sual olaraq təqdim olunub. Sualların qiyməti 3 baldan 12 baladək aralıqda dəyişir.
İkinci hissə isə qapalı suallardan ibarət olub. 30 sual test şəklində təqdim olunub, hər sual 1 bal olmaqla maksimal 30 bal idi. Toplamda ən yüksək 100 baldır. Bu seçmə imtahanı ilə aşağı (12-15 yaş) və yuxarı (16-19) yaş qrupundan hər komanda üçün 4 nəfər seçiləcəkdir. Suallar ingilis dilində təqdim olunub. Beynəlxalq coğrafiya kurikulumunun, IGEO və EGEO-nun tələblərinə uyğun olaraq hazırlanıb. Şagirdlər imtahan zamanı ikili lüğət, sadə kalkulyator, sirkul, transportir, xətkeş, rəngli karandaşlardan istifadə etməli idilər.
Seçmə imtahan prosesini izləmək üçün Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Cəfərova, üzvləri Pərvanə Məmmədova və Mələykə Əlizadə, Təhsil Nazirliyinin sektor müdürü Vüsalə Əliyeva və mütəxəssisi Rəbiyyə Müseyibzadə ilə yanaşı Azərbaycan Respublikası Təhsil İnstitunun İstedadlı şagirdlərlə iş şöbəsinin və “Fortis Academy”nin nümayəndələri iştirak edib.
Seçmə imtahanda 25 şagird iştirak edib. Bu şagirdlər RFO 2021 qalibləri və iGeo dərslərinin müdavimləri arasından seçilənlər idi. Şagirdlər Bakı şəhəri ilə yanaşı, Tərtər, Masallı, Gəncə, Saatlı, Şəmkir, Şabran, Xaçmaz, Türk Dəyanət Vəqfi, İsmayıllı, Mingəçevir, Quba, ADA school, MİL, Xəzər rayonu, Cəlilabad, Zərdab rayon və şəhər məktəb və gimnaziyaların şagirdləri iştirak edib.