DİN qarşısında etiraz edən Əziz Məmiyevlə bağlı açıqlama - VİDEO


Aprelin 5-də Müsavat Partiyasının üzvü Əziz Məmiyev Daxili İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.
Yeniavaz.com
xəbər verir ki, aksiya zamanı o, təqib və təhdid olunduğunu, buna görə Daxili İşlər Nazirliyinə müraciət etsə də, heç bir tədbir görülmədiyini iddia edib.
Aksiya zamanı Ə.Məmiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN daha sonra məlumat yayaraq onun sərbəst buraxıldığını açıqlayıb:
"Onu narahat edən məsələlərlə bağlı ərizələr alınıb. Özü barəsində isə hər hansı inzibati icraat tədbiq olunmayıb".

 

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı yeni açıqlama yayıb:
"Paytaxt sakini Əziz Məmiyevin uzun müddətdir güc strukturları tərəfindən təqibə məruz qalması, ölümlə hədələnməsi ilə bağlı iddialar etməsi tamamilə absurddur.
Sosial şəbəkə seqmentlərində paylaşılan bu iddiaların məqsədi humanitar viza partfelinə əlavə “həbs, cəza, təqib” sənədlərinin toplanmasından irəli gəlir. Baxaq – sələfləri necə edirdi? İndi onlar hardadır, necə siyasi mühacir ola bildilər? Bu, o yoldur, həmin koordinantdır.
Onun müraciətlərinə baxılmaması, araşdırılmaması da əsassızdır. Dəfələrlə müxtəlif polis orqanlarına dəvət olunub, dinlənilib. Sonra nə baş verib? Çıxandan sonra iddia edib ki, ona təzyiq edilib. Axı, niyə təzyiq edilsin, buna nə lüzum var? Hardadır burda məntiq?
Bununla yanaşı, bildirirdi ki, DİN tərəfindən onun bank hesabından barəsində tətbiq olunan inzibati tənbeh tədbirlərinə görə cərimə rüsumu tutulub. İzah olundu, danışıldı, ancaq mənası olmadı.
Bu kimi çeşidli iddiaların mahiyyəti aydındır, məlumdur. Polisə qarşı bu və ya digər iddiaların heç bir halda təməl əsası yoxdur, həqiqəti əks etdirmir".

DİGƏR XƏBƏRLƏR

Top