
2026-cı ildə ABŞ-da istehsal olunacaq bütün avtomobil modelləri 1 qallon (3,8 litr) yanacağa ən azı 40 mil (64 km) məsafə qət etməli olacaq ((100 km-ə 6 litr – red.).
Yeniavaz.com xəbər verir ki, bu, ABŞ-ın Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının (NHTSA) yeni tələbində qeyd olunub.
Bildirilir ki, keçmiş prezident Donald Trampın dövründə bu tələb 2022-ci il modelləri üçün hər qallona (3,8 litr) 24 mil (38,5 km) yanacaq səmərəliliyi nəzərdə tuturdu.
Ekspertlər belə hesab edirlər ki, bu cür kəskin artım avtomobil istehsalçılarını çətin vəziyyətə salacaq. Nümunə kimi də 2021-ci ildə ABŞ-da ən çox satılan səkkiz avtomobil modelinin orta yanacaq sərfiyyatını qeyd ediblər:
1. “Honda CR-V” – 1 qallona 32,3 mil (100 km-ə 7,4 litr)
2. “Nissan Rogue” – 1 qallona 30,8 mil (100 km-ə 7,7 litr)
3. “Toyota RAV4” – 1 qallona 30,7 mil (100 km-ə 7,7 litr)
4. “Toyota Camry” – 1 qallona 28,1 mil (100 km-ə 8,5 litr)
5. “Ford F-150” – 1 qallona 20,4 mil (100 km-ə 11,6 litr)
6. “Ram 1500” – 1 qallona 20 mil (100 km-ə 11,9 litr)
7. “Jeep Grand Cherokee” – 1 qallona 18,3 mil (100 km-ə 13 litr)
8. “Chevrolet Silverado” – 1 qallon 17,5 mil (100 km-ə 13,6 litr)
Qeyd edək ki, NHTSA rəsmiləri belə hesab edirlər ki, yeni tələblərin tətbiqi nəticəsində avtomobillərin istismar müddəti ərzində yanacaq istehlakı 220 milyard qallondan (836 milyard litr) çox azala bilər.
Tətbiqimizi yükləyə bilərsiniz