Gecə klubundakı partlayışa görə 3 nəfər həbs edildi - YENİLƏNİB


Aprelin 3-də gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılır.

Prokurorluqdan Yeniavaz.com-a verilən məlumata görə, toplanmış ilkin sübutlarla müəyyən edilmişdir ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilmiş, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olmuşdur.

İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilmişdir.

Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur.

Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcəkdir.


***19:40
Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda tibb müəssisələrində ümumilikdə, 15 nəfər müalicə alır. Onlardan 12-si TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

TƏBİB-dən Yeniavaz.com-a verilən xəbərə görə, xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir. 

Son məlumata görə, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 1 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb.

Ümumilikdə, bu gün ambulator müalicə üçün 3 nəfər evə göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top