Pakistanda Nazirlər Kabineti istefaya göndərildi


Pakistanın Nazirlər Kabineti buraxılıb, lakin baş nazir İmran Xan vəzifəsini davam etdirəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin dövlət informasiya və yayım naziri Fərrux Həbib öz “Twitter” səhifəsində məlumat verib.
"Baş nazir konstitusiyanın 224-cü maddəsinə uyğun olaraq öz vəzifələrini yerinə yetirməyə davam edəcək, Nazirlər Kabineti buraxılıb", - nazir yazıb.
Fərrux Həbib bildirib ki, 90 gün ərzində Pakistanda yeni parlament seçkiləri keçirilə bilər.
Sözügedən bəyanatlar Baş nazir İmran Xan prezident Arif Alviyə ölkə parlamentini buraxmağı tövsiyə etdikdən sonra verilib.
Bu, müxalifətin 2018-ci ildə hakimiyyətə gələn Xanı ölkədəki iqtisadi vəziyyəti yaxşılaşdıra bilməməkdə, eləcə də korrupsiyada ittiham edərək baş nazirə etimadsızlıq elan etmək cəhdinə başlamasından sonra baş verib. Ölkə parlamentinin aşağı palatasında keçirilən iclasda vitse-spiker Qasim Suri belə bir səsvermənin keçirilməsinin ölkə konstitusiyasına zidd olacağını və buna görə də keçirilə bilməyəcəyini bildirib. Bundan sonra o, parlamentin işində fasilə elan edib.
Bu arada müxalifət parlamenti tərk etməkdən imtina etdiyini və oturaq aksiya təşkil etdiyini bildirib. "Hökumət etimadsızlıq səsverməsinə icazə verməyərək konstitusiyanı pozub. Birləşmiş müxalifət parlamenti tərk etmir. Vəkillərimiz Ali Məhkəməyə gedir. Biz bütün qurumları Pakistan konstitusiyasını müdafiə etməyə, dəstəkləməyə və həyata keçirməyə çağırırıq", - müxalif Pakistan Xalq Partiyasının lideri Bilval Bhutto Zərdari öz “Twitter” səhifəsində yazıb.

DİGƏR XƏBƏRLƏR

Top