Bakıda gecə klubunda baş verən partlayış zamanı xəsarət alan iki nəfər ilkin tibbi müdaxilədən sonra vəziyyətləri qiymətləndirilərək evə buraxılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, 3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərdən Nərimanov Tibb Mərkəzində müalicə alan 2 nəfər Mərkəzin həkimləri tərəfindən müayinə olunub, ilkin tibbi müdaxilədən sonra vəziyyətləri qiymətləndirilərək evə buraxılmalarına icazə verilib.
Xatırladaq ki, bu gün saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.