Mingəçevirdə uğur qazanan idmançılarla görüş olub


Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Bakı şəhərində Yunan-Roma güləşi üzrə gənclər arasında keçirilən Azərbaycan birinciliyində qalib olan və uğurlu nəticə əldə etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.

Yeniavaz.com xəbər verir ki, görüşdə İcra Hakimiyyəti yanında İctimai-siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Hikmət Kərimov, idmançıların məşqçiləri və şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli iştirak edib.

İ. İsmayılov bildirib ki, Azərbaycanda idman sahəsinə dövlət tərəfindən ayrılan diqqət, idman sahəsində qazandığımız nailiyyətlər, Dünya və Avropa çempionatlarında idmançılarımızın əldə etdiyi medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə, Azərbaycanın dünyaya əsl idman ölkəsi kimi tanınmasına səbəb olub. Eyni zamanda Mingəçevirdə də uğurları ilə tanınan idmançılar olub:

“Mən bilirəm ki, bizim uğur qazanan idmançılarımızın normal məşq etmələri üçün şəraitli idman zalları yoxdur. Bununla bağlı gənclər və idman naziri Fərid Qayıbova da məlumat vermişəm. Buna baxmayaraq bizim məşqiçilərimiz çətin şəraitdə güclü idmançılar yetişdirir. Ona görə də mən bu məşqçiləri alqışlayıram, əminəm ki, uğur qazanan idmançılarımızın xoş sədaları beynəlxalq arenalardan gələcək”.

Görüşdə məşqçi Azər Allahverdiyev çıxış edərək şəhər rəhbərinə onlara diqqət ayırdığına görə minnətdarlıq bildirib və idman sahəsində gələcək planlardan söz açıb.

İdmançıların yüksək nailiyyət əldə etdiklərinə görə icra başçısı onlara hədiyyələr təqdim edib. Şəhər rəhbəri mükafatçıları təbrik edərək, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında birinci yerin qalibi (82 kq) Rauf Əliyev, üçüncü yerin qalibi isə (77 kq) Həsən Əliyev olub.

Esmira Hidayətova, Mingəçevir.

DİGƏR XƏBƏRLƏR

Top