Şahbaz Quliyevin iddialarına rəsmi cavab verildi - VİDEO + YENİLƏNİB

Yeddi il Ermənistanda əsirlikdə olan və ötən il Azərbaycana qaytarılan Şahbaz Quliyevin iddiaları ilə bağlı açıqlama verildi.

Yeniavaz.com xəbər verir ki, məsələ barədə Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya departamentinin müdiri Mayis Musayev açıqlama yayıb. Bildirib ki, bu gün Bakı şəhərinin mərkəzində etiraz edərək, bir neçə sosial şəbəkə səhifəsinə müsahibə verən Tərtər rayon Qarağacı kəndində qeydiyyatda olan Quliyev Şahbaz Cəlal oğluna 17.06.2021-ci il tarixdən ümumi səbəbdən II qrup əlillik təyin edilib:

“Buna görə o, aylıq olaraq 180 manat məbləğində müavinət alır. Çıxışında ödənişdən imtina edildiyi barədə fikir səhvdir. Belə ki, müavinətini aylıq olaraq vətəndaş öz bank kartı vasitəsilə əldə edir.

Bununla yanaşı, onun həyat yoldaşı Qarayeva Təranə şirniyyat sahəsi üzrə, bacısı oğlu Qarayev Rəşad inkubator zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilib. Yaxın vaxtlarda hər ikisinin aktivlərlə təmin edilməsi nəzərdə tutulub.

Şahbaz Quliyevə isə bu ilin 30 martında heyvandarlıq sahəsi üzrə təsərrüfatın qurulması təklif edilib. O, öz təsərrüfatının Tərtər rayonunda quracağını, gələn həftə məşğulluq filialına yaxınlaşacağını bildirib.

Həmçinin, ailəsinə 4 dəfə səfər olunaraq psixo-sosial dəstək göstərillib”.

Qurum rəsmisi əlavə edib ki, Ş.Quliyevin işlə təmin edilmək üçün 10 il staj tələbi iddiası həqiqəti əks etdirmir.


***15:46
7 il erməni əsirliyində qalan Şahbaz Quliyev bu gün Prezident Administrasiyası qarşısında etiraz edib.
Yeniavaz.com
xəbər verir ki, "Hamam Times" etirazdan görüntüləri paylaşıb.
Ş. Quliyev bildirir ki, ona nə veteranlıq, nə əlillik, nə də pensiya verilir:
“Bir il yarımdır mən burada it zülmü çəkirəm. Bir balamı qoyub getmişəm. 7 il ermənidə əsirlikdə “yatmışam”, bugünkü gündə mənə qulaq asan yoxdur. Mən evdə qalmışam yetim kimi. Nə pensiya verirlər, nə veteranlığımı verirlər, nə də əlilliyimi. 200 dənə məktub yazmışam, 200 dəfə müraciət eləmişəm. Nə Müdafiə Nazirliyi, nə də o biri qəbul eləmir. Səbəb odur ki, cənab Prezident dediyini heç kim etmir. Mənim işığımı, qazımı kəsirlər, niyə? Nə etmişəm? Erməniyə güllə atmışam ona görə? Mən 7 il Azərbaycanı gözləmişəm ki, cənab Prezident məni azad edəcək”.
O qeyd edib ki, Dövlət Məşğulluq Agentliyi ona süpürgəçi işi təklif edib:
"Dedilər ki, “gəlin arvadlar süpürəcək, siz də lapetə yükləyəcəksiniz, yüngül işdir. Qolunuz qırıq olduğuna görə yüngül iş ancaq budur"".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verib və bildirib ki, Şahbaz Quliyev hər hansı polis orqanında saxlanılmayıb:
"Müvafiq polis idarəsinə dəvət olunaraq dinlənilib, aidiyyəti üzrə yönləndirilib. Onun saxlanılması barəsində hansısa hüquqi icraat tədbiri tətbiq olunmayıb".

DİGƏR XƏBƏRLƏR

Top