Ermənistan Azərbaycanın 5 təklifini məqbul saydığını elan etdi


Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan MDB Parlamentlərarası Assambleyası Şurasının Qazaxıstanın paytaxtı Almatıda keçirilən iclasında Qarabağdakı vəziyyətlə bağlı danışıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
A. Simonyan vurğulayıb ki, Ermənistan Azərbaycana sülh müqaviləsinin bağlanması ətrafında dərhal danışıqlara başlamağı təklif edir.
Azərbaycan Milli Məclisinin rəhbəri isə bildirib ki, Bakı dəfələrlə İrəvana “erməni tərəfinə çox yaxşı məlum olan” beş bəndi nəzərə alaraq sülh müqaviləsi imzalamağı təklif edib.
“Mən rəsmən bəyan edirəm ki, Ermənistan üçün bu beş məqam məqbuldur və hesab edirik ki, bəzi aspektləri əlavə etsək, (bu işi) həyata keçirməyə başlaya bilərik”, - deyərək Simonyan müzakirəni yekunlaşdırıb.
Qeyd edək ki, martın 14-ü Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirmişdi ki, iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib:
“Burada iki dövlət arasında münasibətlərin normallaşması üçün aşağıdakı beş baza prinsipləri əks olunub:
- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması”.

DİGƏR XƏBƏRLƏR

Top