Əli Kərimlinin mühafizəçisi həbsdə aclıq aksiyasına başlayıb


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki üzvlərindən biri, eyni zamanda, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədov aclıq aksiyasına başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Meydan TV-yə partiyadan bildirilib. Niyaməddin Əhmədovun saxlandığı cəzaçəkmə müəssisəsində məruz qaldığı təzyiqlərə etiraz olaraq, aclığa başladığı qeyd olunub.
AXCP üzvü martın əvvəlində Bakı Apelyasiya Məhkəməsinin qərarından dərhal sonra 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.
“Cəzaçəkmə müəssisəsinə köçürüldüyü vaxtdan qeyri-insani rəftarla, sərt davranışla üzləşib. Açıq-aşkar şəkildə ayrı-seçkiliyə məruz qalıb. O da baş verənlərə etiraz olaraq, aclığa başlayıb. Aclıq etməsi haqda rəsmi ərizə ilə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə də müraciət edib. Aclıq etməsi müəssisə rəhbərliyini daha da qəzəbləndirib və onu daha sərt şəkildə cəzalandırmaq qərarı verilib. Aclıq edən adamı üstəlik, “karsa” salıblar”, – partiyadan bildirilib.
Niyaməddin Əhmədovun ailəsindən bildirilib ki, cəzaçəkmə müəssisəsində incidildiyinə görə aclığa başlamasından onlar da məlumatlıdır.
Novruz bayramı ilə əlaqədar ölkədə qeyri-iş günləri olduğuna görə Penitensiar Xidmətdən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bundan öncə verilən açıqlamalarda bildirilib ki, kimliyindən asılı olmayaraq, məhkumlar arasında ayrı-seçkiliyə yol verilmir, onların hamısının qanunvericilikdə nəzərdə tutulan qaydada hüquqları təmin olunur. Məhbuslara qarşı işgəncə və başqa formada təzyiqlərlə bağlı iddialar isə təkzib olunub.
Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə karantin rejimi qaydalarını pozma ittihamıyla ona 1 ay inzibati həbs cəzası verilib. Mayın 15-də inzibati həbsdən buraxılmalı olduğu gün isə barəsində cinayət işi başlanıb.
AXCP üzvünə qarşı ittihamda iddia olunur ki, Qabil Məmmədov siyasi mühacir kimi yaşadığı Almaniyadan terror məqsədilə Bakıya pul göndərib. Özü də sosial şəbəkələrdən terrora çağırışlar edib. Niyaməddin Əhmədova da pul göndərib ki, bu prosesdə iştirak eləsin.
Niyaməddin Əhmədov Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələrilə 13 il azadlıqdan məhrum edilib.
AXCP fəalı özünü təqsirli bilmir, Əli Kərimlinin mühafizəçisi olduğuna, 2019-cu ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi icazəsiz etiraz aksiyasında sona qədər onu tək buraxmadığına görə cəzalandırıldığını deyir.
Niyaməddin Əhmədov deyib ki, AXCP və Əli Kərimlinin əleyhinə ifadə verməsi üçün ağlasığmaz işgəncələrə məruz qalıb.

DİGƏR XƏBƏRLƏR

Top