
Xəbər verdiyimiz kimi, Neftçalalı tələbənin Ukraynada rus əsgərləri tərəfindən girov götürüldüyü iddia olunur.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, rayonun Tatarməhlə kənd sakini, 2002-ci il təvəllüdlü Abdullayev Hüseyn Amin oğlu orta təhsilini başa vurduqdan sonra Ukraynanın Mariupol Dövlət Universitetinə qəbul olub.
Doğmalarının dediyinə görə, artıq üç ildir universitet tələbəsi olan H.Abdullayev martın 17-də Mariupol şəhərində rus ordusunun əsgərləri tərəfindən girov götürülüb.
Hazırda tələbənin valideynləri və digər doğmaları çox narahatdır.
Onlar H.Abdullayevin xilas edilməsi üçün dövlət tərəfindən yardım istəyirlər.
Tələbənin atası Amin Abdullayev bildirib ki, oğlunu onunla və anası ilə danışdırıblar:
"Mariupol Universitetinin 3-cü kurs tələbəsi olan oğlum - Abdullayev Hüseyn Amin oğlu bildirdi ki, sığınacaqdan çıxaraq şəhəri tərk etmək istəyərkən avtomaşında olan şəxslərlə birgə maskalı hərbçilər tərəfindən saxlanılıb.
Oğlumun telefonuna cavab verən şəxslər Qafqaz ləhcəsində, amma rus dilində danışırdılar. Hüseyni girov götürmüş şəxslər yaxın saatlarda şərtlərini açıqlayacaqlar".
Tələbənin əmisi Cahid Abdullayev isə bildirib ki, Hüseyn Abdullayevi girov götürənlər onun qaytarılma şərtini açıqlayıblar:
“Bir saat bundan öncə qardaşım oğlu Hüseyn Abdullayevi girov götürənlər mənimlə telefonla əlaqə saxladılar. Dedilər ki, Ukraynada bizim əsirlər var. Əsirlər dəyişdirilən zaman Abdullayevi də rus əsirinə dəyişə bilərik”.
Tətbiqimizi yükləyə bilərsiniz