Mariupol merinin müşaviri Petr Andryuşşenko bildirib ki, şəhərdə fəlakətli vəziyyət yaranıb və Rusiya atəşi qurbanlarının sayı 20 minə yaxınlaşa bilər.
Yeniavaz.com “unian”a istinadla xəbər verir ki, Andryuşşenko, şəhər qəbiristanlığı Rusiya ordusunun nəzarətində olan ərazidə yerləşdiyindən ölənlərin həyətlərdə, küçələrdə basdırıldığını deyib:
"Bizdə ölən mülki şəxslərlə bağlı həqiqətə uyğun olmayan məlumatlar var. Çünki belə məlumatları dəqiqləşdirmək üçün polis və tibb müəssisələri ilə razılaşdırmaq lazımdır. Martın 13-nə olan dəqiqləşdirilmiş məlumatlara əsasən həlak olan mülki insanların sayı 1800-ü keçib. Dörd gün əvvəl biz "nikbin" ssenaridən danışırdıq, indi isə 10 minə yaxın qurban olduğunu təxmin edirik. Amma hücumların şiddətini və davamlılığını nəzərə alaraq deyə bilərik ki, blokada başa çatdıqdan sonra biz həlak olan dinc sakinləri axtarsaq bu say 20 minə yaxınlaşacaq”.
O qeyd edib ki, hücumların şiddətindən insanlar yaxınlarını dəfn etmək üçün bayıra belə çıxa bilmirlər.
Andryuşşenko onu da əlavə edib ki, Rusiya ordusundan heç bir təminat olmadığı üçün insanlar Mariupoldan risk altında evakuasiya edilir. Təhlükəsizliyə yalnız Ukrayna ordusunun nəzarətində olan ərazidə zəmanət verilir.
Mariupol Şəhər Şurasından verilən rəsmi və təsdiqlənmiş məlumata görə, martın 14-də günün sonuna olan məlumata görə, ölənlərin sayı 2357 nəfərə yaxındır.