Mingəçevirdə “Oğul” sənədli filminin təqdimatı olub


Mingəçevir H.Əliyev mərkəzində Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filminin təqdimatı keçirildi.
Yeniavaz.com
xəbər verir ki, tədbirdə Mingəçevir şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov, filmin qəhrəmanı Natiq Qasımovun qardaşı Nofəl Qasımov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimayyət nümayəndələri, şəhid ailələri, qazilər, cəmiyyət rəhbərləri və yerli mətbuatın nümayəndələri iştirak edib.
Təqdimatda şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycanın mərd oğulları barədə danışıb. Bildirib ki, belə mərd, igid oğullardan biri də taleyi məlum olmayan, həyatını Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr etmiş qəhrəman döyüşçü Natiq Qasımovdur. Təqdimatda Natiq Qasımovun qardaşı Nofəl Qasımov da çıxış edib və filmin nümayişində göstərdiyi dəstəyə görə əməyi olanlara, Mədəniyyət Nazirliyinə, icra başçısına öz  təşəkkürünü bildirdi.
Qeyd edək ki, ekran işinin rejissoru və ssenari müəllifi Karan Sinqdir. Film italiyalı hərbi fotoreportyor Enriko Sarsininin dərc olunmamış fotoları əsasında ekranlaşdırılıb. Filmin rejissoru və ssenari müəllifi Karan Sinq üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə söhbət edib. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır. 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, ana oğlunun sağ olduğuna və qayıdacağına inanır.
Filmin görüntü rejissoru Simon Stanforddur. 46 dəqiqəlik filmdə faktın bərpası üçün azərbaycanlı aktyorların ifasından da istifadə olunub.
Təqdim olunan ekran əsəri Azərbaycan bayrağını düşmənə təslim etməyən, sonrakı aqibəti bəlli olmayan cəsur Vətən oğlu Natiq Qasımovdan  bəhs edir:
 Film, əslində, Azərbaycan tarixinin bir səhifəsinin ifadəsidir. Filmdə bir çox maraqlı məqamlar var. Xocalı faciəsi ilk növbədə düşmənimizi tanımaqda çox vacib bir mərhələ oldu.
Qeyd edək ki, film 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı əsir götürülən azərbaycanlı hərbçi Natiq Qasımov haqqındadır. Natiq müharibə zamanı beş gün təkbaşına mühasirədə qalır, ermənilərə müqavimət göstərərək təslim olmur. Yalnız ermənilər onu Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra silahını ataraq sığındığı alban kilsəsindən çıxır. Lakin son ana qədər əlindəki Azərbaycan bayrağını ermənilərə vermir. Natiq Qasımovun sonrakı aqibəti məlum deyil.  
Esmira Hidayətova,Mingəçevir.
 

DİGƏR XƏBƏRLƏR

Top