“Sovetski”də kompensasiyadan narazı qalanlar barədə rəsmi AÇIQLAMA


Hökumət Bakı şəhəri, Yasamal rayonunda yerləşən keçmiş “Sovetski” adlanan ərazidən müxtəlif illərdə köçürülmüş vətəndaşların onlara verilmiş kompensasiyanın həcmindən narazı qalmasına münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.

Hesabatda qeyd edilib ki, Bakı şəhəri, Yasamal rayonunun keçmiş “Sovetski” adlanan ərazisindən köçürülmüş bəzi vətəndaşlara verilən kompensasiyanın məbləğindən narazı qalmaları barədə məsələyə dəfələrlə baxılıb. Belə ki, Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 2018-ci il 16 fevral tarixli 51 nömrəli və “Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin bir qisminin dövlət ehtiyacları üçün alınması haqqında” 2018-ci il 29 dekabr tarixli 572 nömrəli qərarı ilə Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə Yasamal rayonu keçmiş “Sovetski” adlandırılan ərazisində yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün satın alınması işləri aparılır. Bu qərarların icrasının təmin edilməsi məqsədilə dövlət ehtiyacları üçün satın alınması işləri aparılır.

“Bu qərarların icrasının təmin edilməsi məqsədilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş “Azər Expert” MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə Bakı şəhəri, Yasamal rayonu Nəbatət Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qurtqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələri arasındakı ərazidə 800 olmaqla, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınması işləri “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun olaraq həyata keçirilib.

2018-ci ilin may ayından etibarən keçmiş “Sovetski” sakinləri Yasamal RİH arasında notarial qaydada bağlanılmış alqı-satqı müqaviləsi əsasında kompensasiya ödənilərək köçürmə işləri həyata keçirilib.

Bakı şəhərində 2018-2019-cu illərdə mənzil bazarında olan qiymət artımına görə, “Sovetski” adlanan ərazidən köçürülmüş ünvan sahiblərinə mərhələli şəkildə Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş hesablama qaydasına uyğun olaraq, Yasamal RİH tərəfindən 2002 ünvan üzrə 1972 ünvan sahibinə notarial qaydada əlavə maddi yardım ödənilib. Eyni zamanda həmin sakinlər tərəfindən notarial qaydada ərizə təqdim edilərək gələcəkdə rayon icra hakimiyyətinə qarşı hər hansı tələblərinin olmayacaqları barədə öhdəlik götürülüb”, - hesabatda qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top