“Rusiya ukraynalıların məlumatlarını onlara verməyimi istədi” - “Telegram”ın qurucusu


“Anamın qızlıq soyadı ukraynalıdır (İvanenko) və bu günə qədər Ukraynada yaşayan çoxlu qohumlarımız var. Ona görə də bu faciəli münaqişə həm mənim, həm də “Telegram” üçün şəxsidir”.
Yeniavaz.com
xəbər verir ki, bunu “Telegram”ın həmtəsisçisi və baş icraçı direktoru (CEO) Pavel Durov şəxsi "Telegram" kanalında yazıb.
O, paylaşımında Rusiyadakı karyerasının necə bitdiyini açıqlayıb:
“Bəziləri iddia edir ki, "Telegram" ukraynalılar üçün daha təhlükəlidir, çünki mən vaxtilə Rusiyada yaşamışam. Bu insanlara Rusiyadakı karyeramın necə başa çatdığını deyim.
Doqquz il əvvəl mən Rusiya və Ukraynanın ən böyük sosial şəbəkəsi olan VK-nın (VKontakt) baş icraçı direktoru idim. 2013-cü ildə Rusiyanın təhlükəsizlik agentliyi FSB məndən Rusiyapərəst prezidentə (2013-cü ildə RF prezidenti Vladimir Putin idi – red.) etiraz edən VK-nın ukraynalı istifadəçilərinin şəxsi məlumatlarını onlara verməyi tələb etdi.
Mən bu tələbləri yerinə yetirməkdən imtina etdim, çünki bu, ukraynalı istifadəçilərimizə xəyanət demək idi. Bundan sonra qurduğum şirkətdən qovuldum və Rusiyanı tərk etməyə məcbur oldum.
Mən şirkətimi və evimi itirdim, amma yenə olsa, bunu təkrar edərdim - tərəddüd etmədən. Mən onların tələblərinə qarşı çıxanda şəxsən mənim üçün risklər yüksək idi. Mən hələ Rusiyada yaşayırdım və komandam və köhnə şirkətim də həmin ölkədə yerləşirdi.
O vaxtdan uzun illər keçib. Çox şey dəyişdi: mən artıq Rusiyada yaşamıram, orada heç bir şirkət və ya işçim yoxdur. Ancaq bir şey dəyişməz olaraq qalır - mən nə olursa olsun istifadəçilərimizin yanındayam. Onların şəxsi toxunulmazlıq hüququ müqəddəsdir. İndi - həmişəkindən daha çox”.

DİGƏR XƏBƏRLƏR

Top