“McDonalds” Ukraynaya təcavüzlə bağlı Rusiyada olan 850 restoranını bağlayıb. Həmin “McDonalds” Vətən Müharibəsi zamanı ANCA erməni lobbisinin təkidi ilə “Qarabağ Azərbaycandır” paylaşımını öz sosial media hesabından silmişdi. Bununla bağlı ciddi etirazlar olmuşdu. O zaman “McDonalds” bunu siyasətə qarışmamaqları ilə izah etmişdi”.
Yeniavaz.com xəbər verir ki, bunu media eksperti Osman Gündüz sosial şəbəkə hesabında yazıb.
“Yəni, o zaman bu şirkət, həmçinin onları dəstəkləyən bəziləri Azərbaycanın suverenliyi məsələsini, bizim üçün milli qurur, milli maraq, beynəlxalq hüquq məsələsini “franşiza-françayzinq” səviyyəsinə, “siyasətə qarışmırıq” səviyyəsinə endirmişdilər.
İndi isə bu şirkət digər bir ölkənin suverenliyi və ərazi bütövlüyünə olan təcavüzlə bağlı bir anda 850 restoranı Rusiyada bağlayıb.
Necə olur ki, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qəsd edənlərə qarşı apardığımız ədalətli müharibədə bu tip addımlar “siyasətə qarışmaq” hesab olunur, amma digər ölkədə bu “təcavüzə etiraz” olur?
Bunun çox sadə bir adı var, yumşaq formada buna ikili standart deyirlər.
Bir qədər sərt formada olanı isə, ümid edirəm hamı bilir ki bu tip yanaşmanı necə adlandırırlar, burda yazmağı məqsəduyğun hesab etmirəm.
Təəssüf edirəm ki, o zaman ciddi ictimai etirazlar, baykot çağırışları olsa da, bütün diqqət müharibəyə yönəldiyindən rəsmi qurumlarımız bu məsələdə çox da dərinə getmədilər.
Fikrimcə, dövlət üçün bu çox yanlış addım idi. Təkrarlanmaması üçün hökumət ciddi tədbirlər görməliydi.
O zaman da yazmışdım, indi də qeyd etməyi özümə borc hesab edirəm ki, normal ölkələr, özünə hörmət edən dövlətlər bu tip addımları bağışlamırlar.
Ümid edirəm, aidiyyatı qurumlar “McDonalds” və bu tip qurumların 44 günlük müharibə zamanı ölkəmizə qarşı etdiklərini unutmayıblar”, - O. Gündüz bildirib.