"Partlayış olsa, bu, Avropanın sonu deməkdir" - Zelenski


Ukrayna prezidenti Volodimir Zelenski fövqəladə videomüraciət yayıb. O, Rusiya qoşunlarının Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye atom elektrik stansiyasını atəşə tutması ilə bağlı dünyanı “ayılmağa” çağırıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında videomüraciət yayımlayıb.
“Avropanın ən böyük atom elektrik stansiyası yanır. Elə indi. Rusiya tankları nüvə bloklarını vurur. Bunlar termal kameralarla təchiz olunmuş tanklardır, yəni haranı vurduqlarını bilirlər. Onlar buna hazırlaşırdılar”, - Zelenski bildirib.
O, bütün bəşəriyyəti buna diqqət yetirməyə və 1986-cı ildə Çernobıl AES-də baş vermiş faciəni xatırlamağa çağırıb:
“Bütün ukraynalılara, bütün avropalılara, “Çernobıl” sözünü bilən və atom elektrik stansiyasında baş verən partlayış nəticəsində nə qədər qurbanların olduğunu bilən bütün insanlara müraciət edirəm. Bu, qlobal fəlakət idi, yüz minlərlə insan onun nəticələri ilə mübarizə aparırdı... Rusiya bunu təkrarlamaq istəyir və artıq təkrar edir. Avropalılar, xahiş edirəm oyanın! Siyasətçilərinizlə danışın! Rusiya hərbçiləri Ukraynadakı atom elektrik stansiyasını atəşə tutub. Altı güc bloku var! Altı! Çernobılda biri partladı”.
O, bu məsələ ilə bağlı beynəlxalq tərəfdaşlarla, xüsusilə ABŞ prezidenti Co Bayden, Avropa Şurasının rəhbəri Çarlz Mişel, Polşa prezidenti Anjey Duda, Almaniya kansleri Olaf Şolz, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi və Böyük Britaniyanın baş naziri Boris Consonla əlaqə saxladığını bildirib:
“Biz hamını xəbərdar edirik: Rusiyadan başqa heç bir ölkə nüvə enerji bloklarını atəşə tutmayıb. Tariximizdə, bəşəriyyət tarixində ilk dəfə terror dövləti nüvə terroruna əl atıb”.
O xatırladıb ki, rus təbliğatçıları “dünyanı nüvə külü ilə dolduracaqları” ilə hədələyiblər:
“"İndi bu təhlükə deyil. İndi reallıqdır. Biz bilmirik stansiyada yanğın necə bitəcək, nə vaxt partlayış olacaq, ya da olmayacaq (Allah eləməsin!), - bunu sona qədər heç kim hesablamayacaq. Amma bizim əsgərlər nüvə stansiyasını həmişə təhlükəsiz saxlayıblar ki, təxribatlar olmasın, heç kim stansiyaya girməsin, heç kim bu stansiyanı ələ keçirməsin, minalanmasın, sonra da nüvə fəlakəti ilə bütün dünyanı şantaj etməsin”.
O, Rusiya ordusunu dərhal dayandırmağa çağırıb:
“Siyasətçilərinizə qışqırın! Ukraynada 15 nüvə bloku var. Partlayış olarsa, bu, hər şeyin sonu, Avropanın sonu deməkdir. Bu, Avropanın boşaldılmasıdır. Yalnız Avropanın təcili hərəkəti Rusiya qüvvələrini dayandıra bilər. Avropanın atom elektrik stansiyasındakı fəlakətdən ölməsinə imkan verməyin”.
Qeyd edək ki, martın 4-də gecə saatlarında Rusiya aviasiyası Zaporojye AES-nin birinci enerji blokunu vurub. Xilasedicilər yanğını söndürüb. Ölən və ya xəsarət alan yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top