Xarkovda 5 övladı ilə zirzəmidə qalan qadın "Yeni Avaz"dan kömək istədi


“Səfirliyin əməkdaşları dedilər ki, bizə zəng edəcəklər. Biz hazırda bir otaqlı evdə yaşayırıq. Bir otaqda 9 nəfər qalırıq”.
Bu sözləri Yeniavaz.com-a Ukraynanın Xarkov şəhərində 5 övladı ilə zirzəmidə köməksiz qalan azərbaycanlı qadın İlhamə Quliyeva deyib.
XİN-in qaynar xəttindən Yeniavaz.com-a bildirildi ki, qadının məlumatları səfirliyə yönləndirilib:
“Biz çalışırıq Xarkovdan qatar reysləri təşkil edək. Dünən Kiyevdən təşkil etmişik. Sadəcə Ukraynada “qabağımızda otuzdurub” danışa biləcəyimiz adam tapa bilmirik ki, nəyi necə edəcəyimizi bilək.
Amma Xarkovdan hər gün qatarlar 2 saatdan bir Lvov istiqamətinə gəlir. Əgər qadın dəmiryolu vağzalına gedə bilirsə, getsin oraya, elə orda da qalsın, çalışsın oradan qatara minsin. Lvovdan isə Polşaya keçilir. Ordan da təxliyə reysləri təşkil edilir”.
XİN-dən qeyd edildi ki, səfirliyin qadınla əlaqə saxlamalarına dair məlumatlı deyillər:
“Onu dəqiq bilmirəm. Çünki orada bu dəqiqə 100 min Azərbaycan vətəndaşı var. Bundan əlavə də bir neçə yüz min qarışıq nikahlar var”.
Qeyd edək ki, ötən gün əlaqə saxladığımız qaynar xəttin əməkdaşları qısa zamanda qadınla əlaqə saxlanılacağını və onlara lazım olan dəstəyin göstəriləcəyini bildirmişdi.

***2 mart, 17:00
Ukraynanın Xarkov şəhərində azərbaycanlı qadın beş uşağı ilə birgə köməksiz vəziyyətdə qalıb.
Bu barədə Yeniavaz.com-a qadının özü – Quliyeva İlhamə Məmmədbağır qızı məlumat verib.
İ. Quliyeva bildirib ki, Xarkov şəhərində, Moskovskiy rayon, metro Akademika Pavlova, Ulica Didrov 30 ünvanında, yeraltı sığınacaqların birində övladları ilə birlikdə köməksiz halda qalıb. Onunla köməksiz vəziyyətdə qalan qızları Quliyeva Leyla, Quliyeva Sona, Quliyeva Məryəm, Quliyeva Dəniz və oğlu Quliyev Əlidir.
İ. Quliyeva həmçinin bildirib ki, həyat yoldaşı Quliyev Raqib hazırda Bakıdadır və səhhəti ilə əlaqədar xəstəxanalardan birində müalicə alır.
Qadın qeyd edir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin və ölkəmizin Ukraynadakı səfirliyinin daha əvvəl ictimailəşdirdiyi qaynar xətlərlə əlaqə saxlamağa cəhd etsə də, bu, baş tutmayıb.
Məsələ ilə bağlı XİN-lə əlaqə saxladıq. Nazirliyin tələbi əsasında bütün məlumatları quruma təqdim etdik. Ən qısa zamanda ailə ilə əlaqə saxlayacaqlarını və onlara lazım olan köməyin göstəriləcəyi bildirildi.
Qeyd olundu ki, həmyerlilərimizin təhlükəsizliyi üçün bütün tədbirlər görüləcək.

DİGƏR XƏBƏRLƏR

Top