Edillidəki kütləvi məzarlıqda bu qədər azərbaycanlının basdırıldığı açıqlandı


Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlılar amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirilib, daha sonra onların nəşləri kütləvi şəkildə basdırılıb.

Bu barədə Yeniavaz.com-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun topladığı şahid ifadələri və materiallar əsasında daha bir kütləvi məzarlıq Xocavənd rayonunun Edilli kəndində aşkar edilib.

"Burada Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə girovluqda saxlanılarkən qətlə yetirilmiş 15-20 nəfər azərbaycanlı mülki şəxsin nəşinin 3 metr dərinlikdə basdırıldığı məlum olmuşdur. Bu kəndin ərazisində başqa kütləvi məzarlıqların da olması ehtimal edilir.

Bu isə beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının, o cümlədən, “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə Konvensiyalarının, xüsusilə də “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” Konvensiyanın və ona dair 1977-ci il tarixli I Əlavə Protokolun müddəalarının Ermənistan tərəfindən kobud şəkildə pozulmasıdır.

İşğaldan azad edilmiş ərazilərimizdə, xüsusən Xocavənd, Kəlbəcər, Ağdam və Füzuli rayonlarında, eləcə də Şuşa şəhərinin ətrafında bir çox kütləvi və fərdi məzarların olması ilə bağlı məlumatlar vardır.Bu ərazilər minalardan təmizləndikcə aşkara çıxan kütləvi məzarlıqlar Ermənistanın Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətini, dinc insanlara qarşı törətmiş olduğu müharibə cinayətlərini bir daha sübut edir. Bütün bu faktlar Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün əsasdır", - məlumatda qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top