Ombudsman ibtidai siniflərdə olan problemlərdən danışdı


Siniflər komplektləşdirilən zaman Nazirlər Kabinetinin qərarına riayət olunmur.

Yeniavaz.com xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.

Bildirilib ki, tədris proqramının ağır olması, bu səbəbdən də dərs vəsaitlərinin və onun komplektlərinin çoxluğu xüsusən ibtidai siniflərdə təhsil alan şagirdlərin çantalarının artıq yüklənməsinə səbəb olur ki, bu da onların sağlamlıq vəziyyətinə (dayaq-hərəkət sisteminə və s.) və fiziki inkişafına neqativ təsir edir. İbtidai siniflərin məktəblərin yuxarı mərtəbələrində yerləşdirilməsi isə bu problemi daha da ağırlaşdırır. Digər tərəfdən, ibtidai siniflərin yuxarı mərtəbələrdə yerləşdirilməsi zamanı həmin mərtəbələrdəki pəncərələrin təhlükəsizlik səbəbilə qapadılması, sinif otaqlarında və dəhlizlərdə havalandırma sisteminin və nəfəsliklərin olmaması xüsusilə isti aylarda şagirdlərin səhhətinə ciddi təhlükə yaradır.

Eyni zamanda məruzədə qeyd edilib ki, Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli, 5 saylı qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” ilə bir sinifdə şagirdlərin sayının 30 nəfərdən ibarət olması müəyyən edilsə də, bir sıra məktəblərdə siniflər 30 nəfərdən çox tərkibdə komplektləşdirilir və bu zaman sinif otaqlarının ölçüləri nəzərə alınmır. Bu, mövcud normalara zidd olmaqla yanaşı, hazırkı pandemiya şəraitində təhsil alanların səhhətinə ciddi təhlükə yaradır.

DİGƏR XƏBƏRLƏR

Top