Qarabağ müharibəsi mövzusunda çəkilən filmimiz beynəlxalq festivalda iştirak edəcək - VİDEO


Qarabağ müharibəsi mövzusunda çəkilən "Açar" bədii filminin Xocalı soyqırımının 30-cu ildönümündə Avropanın ən nüfuzlu qısametrajlı film festivallarından olan Go Short Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramına seçilib.

Mədəniyyət Nazirliyindən Yeniavaz.com-a verilən xəbərə görə, “OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsalı olan “Açar” qısametrajlı bədii filmi Niderlandda keçirilən və Avropanın ən nüfuzlu qısametrajlı film festivallarından hesab edilən “Go Short” Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramına seçilib. Fransa, İtaliya, Almaniya, İngiltərə, İspaniya, Portuqaliya, Belçika, İsveçrə və s. ölkələrdən filmlərin iştirak edəcəyi festival 1-20 aprel tarixində onlayn formada, 1-10 apreldə isə ənənəvi qaydada keçiriləcək.

Qaliblərinə “Oskar”, BAFTA və Avropa Film Mükafatına (EFA) vəsiqə qazandıran “Go Short” Festivalında ölkəmizi təmsil edəcək “Açar” filmi işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 26 il qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edir.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Elşad Əliyev, görüntü rejissoru Cavid Oruclu (Delee), quruluşçu rəssamı Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir.

Filmdə Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.

DİGƏR XƏBƏRLƏR

Top