Ermənistanda səfərdə olan Azərbaycan Milli Məclisinin deputatları paytaxt İrəvanda Göy məscidi ziyarət ediblər.
Yeniavaz.com xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu barədə feysbuk vasitəsilə məlumat verib və məsciddən fotolar paylaşıb.
"Divarlarında başqa dövlətə aid yazılar olsa da, amma divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də. İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edə biləcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur!" - deyə, deputat bildirib.
Qeyd edək ki, iki azərbaycanlı deputat - Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasında iştirak etmək üçün İrəvanda səfərdədirlər.