ABŞ və Avropa ölkələri bu gün Rusiyaya sərt sanksiyalar elan edəcək - KİV


Prezident Vladimir Putinin Ukraynanın şərqindəki iki separatçı respublikanı rəsmən tanımasından sonra ABŞ və onun Avropalı müttəfiqləri fevralın 22-si Rusiyaya qarşı sərt yeni sanksiyaları elan etməyə hazırlaşırlar.
Yeniavaz.com
“Reuters”ə istinadən xəbər verir ki, Ukrayna ordusu son 24 saat ərzində şərqdə rusiyapərəst separatçıların atəşi nəticəsində iki əsgərin öldüyünü və 12 əsgərin yaralandığını açıqlayıb.
Putinin ötən gün verdiyi bəyanat beynəlxalq qınaq və ABŞ-ın dərhal sanksiyalarına səbəb oldu. Prezident Co Bayden separatçı bölgələrdə ABŞ-ın biznes fəaliyyətini dayandırmaq üçün fərman imzaladı.
Fransa və Almaniya da sanksiyalara cavab verməyə razılaşıblar və İngiltərə və ABŞ bu gün əlavə tədbirləri elan edəcəklərini bildiriblər.
“ABŞ beynəlxalq hüququn, Ukraynanın suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulmasına görə Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək”, - ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild ötən gün Təhlükəsizlik Şurasının fövqəladə iclasından sonra jurnalistlərə bildirib.
Britaniya Ukraynanın ərazi bütövlüyünün pozulmasında iştirak edənləri hədəf almaq üçün sanksiyalar hazırladığını və bu tədbirlərin fevralın 22-si qüvvəyə minəcəyini bildirib.
Çin bütün tərəfləri təmkinli olmağa çağırıb, Yaponiya isə genişmiqyaslı işğal halında Moskvaya qarşı beynəlxalq sanksiyalara qoşulmağa hazır olduğunu bildirib.
Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzia Qərb dövlətlərini “iki dəfə düşünmək” və vəziyyəti pisləşdirməmək barədə xəbərdarlıq edib.

DİGƏR XƏBƏRLƏR

Top