"Uşaqlar polisə dedilər ki, "atamdır, içib, gəlib"" - VİDEO


Paytaxtın Nizami rayonunun Rüstəm Rüstəmov 48 ünvanında baş verən qətlin yeni təfərrüatları ortaya çıxıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Xəzər Xəbər”in reportajında məlumat verilib.
Qonşular Hədiyyə Bayramova və Şəbnəm Qurbansoy deyirlər ki, qətl baş verməmişdən öncə mənzildən səs-küy gəldiyi üçün onlar qapıya yaxınlaşıblar. Ancaq qapını açmağa çalışsalar da, buna nail ola bilməyiblər.
“Qışqırıq səsləri gəldi. Bizim qapını kimsə möhkəmdən döyürdü. "Qlazok"dan baxanda gördüm ki, kimsə uşağları saldı içəriyə. Mən tez onların qapısını döyməyə başladım. Qapını açan olmadı, amma qışqırıq səsləri gəlirdi. Uşaq içəridən qışqırırdı. Qışqırırdı ki, vurdu, öldürdü, belə şeylər deyirdi”, - H. Bayramova bildirib.
Hədiyyə Bayramovanın sözlərinə görə, o, mənzildə olan uşaqlara kömək etmək məqsədi ilə onlarla danışıb. Ancaq bir neçə dəqiqədən sonra qapının arxasından uşaqlar dərslərindən qeyri-kafi qiymət aldığı üçün atası tərəfindən döyüldüklərini və qonşulara çıxıb getmələrini bildiriblər.
Məsələnin şübhəli olduğunu görən qonşular dərhal polisə məlumat veriblər. Əraziyə gələn polis əməkdaşları həmin mənzilə yaxınlaşıblar. Cəhd etsələr də qapını açan olmayıb.
Digər qonşu Şəbnəm Qurbansoy binaya qətldən əvvəl polislərin gəldiyini iddia edib:
“Polis gəldi, qapını döydü, “polis əmidir, icazə verin girək” kimi sözlər dedilər. Bəlli idi ki, kimsə uşaqları öyrədirdi desin ki, “atamdır, içib gəlib”. Polislər dedi ki, biz girməyək, ixtiyarımız yoxdur. Hər şey sakitləşdi, çıxaq gedək”.
Daxili İşlər Nazirliyindən ana və iki azyaşlı övladının qətlindən öncə polisə məlumat verilməsi, lakin əməkdaşların hadisə yerində laqeydlik göstərməsi ilə bağlı iddialara münasibət bildirilib. Qurumun Mətbuat Xidmətinin nümayəndəsi polis leytenantı Nurlan Əliyev bildirib ki, artıq məsələ ilə bağlı xidməti yoxlama başlanılıb.
Qeyd edək ki, ötən gün 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və onun övladları - 2008-ci il təvəllüdlü Lamiyə Qaraxanlı, 2011-ci il təvəllüdlü Ataxan Qaraxanlını qətl etməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top