Dəhşətli qətldən əvvəl çağırılan polislər evə girməyib? - DİN-dən açıqlama


"Bakıda qətl hadisəsinə görə polisdə xidməti yoxlamalara başlanılıb".
Yeniavaz.com xəbər verir ki, bunu DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.
O qeyd edib ki, törədilən bütün qətl hadisələri ilə bağlı prokurorluq orqanlarında aparılan istintaqla bərabər, eyni zamanda, Daxili İşlər Nazirliyində də xidməti yoxlamalar aparılır: "Dünənki ağır faciəvi cinayətlə əlaqədar artıq hadisəni törətməkdə şübhəli bilinən Əhəd Əliyev müəyyən edilərək saxlanılıb. Bu hadisə ilə bağlı başlanan cinayət işi üzrə prokurorluqda istintaq aparılır".
"Həmçinin, Daxili İşlər Nazirliyində də bu qətl hadisəsi ilə bağlı xidməti yoxlama aparılır. Xidməti yoxlama zamanı polis əməkdaşlarının hər hansı fəaliyyətsizliyi, yaxud səhlənkarlığı ilə əlaqəli hansısa məqam üzə çıxarsa, dərhal müvafiq qaydada tədbir görüləcək.
Sosial şəbəkələrdə yayılan iddialar hələ ki, təsdiqini tapmayıb. Bir nüansı nəzərə almaq lazımdır ki, cinayəti törədən mərhumların yaxın qohumudur, daim gediş-gəlişi olan, ailənin bir üzvü kimi yaxın olan bir şəxsdir”, - o vurğulayıb.
Qeyd edək ki, ötən gün Bakının Nizami rayonunda baş verən qətl hadisəsi ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb. İddialara görə, qətldən öncə evdən səs-küy gəldiyi üçün qonşular öncə qapını açmağa çalışsalar da, buna nail ola bilməyiblər və polisə məlumat veriblər. İddia edilir ki, hadisə yerinə gələn polis əməkdaşları səsləri eşitsələr də, hadisəni "ailə münaqişəsi" adlandıraraq mənzilə daxil olmayıblar və ərazidən uzaqlaşıblar.

DİGƏR XƏBƏRLƏR

Top