Bakıda qətlə yetirilən ana və 2 övladı dəfn olundu - TƏFƏRRÜAT + YENİLƏNİB


Bakıda dünən baş verən dəhşətli qətl hadisəsinin - ana və 2 azyaşlı övladının öldürülməsinin bəzi təfərrüatları məlum olub.

Yeniavaz.com APA-ya istiandla xəbər verir ki, fevralın 20-də saat 14 radələrində Bakının Nizami rayonu, R.Rüstəmov küçəsində kirayədə yaşadıqları evdə qətlə yetirilən Sabirabad rayonunun Ulacalı kənd sakinləri, 39 yaşlı Gülnar Qaraxanova, övladları 13 yaşlı Lamiyə Qaraxanlı və 10 yaşlı Atakan Qaraxanlı bu gün dəfn olunublar. Dəfn mərasimi Sabirabadın Ulacalı kəndində baş tutub.

Məlumata görə, ailə başçısı olan Fəsahət Qaraxanov beynəlxalq yükdaşıması ilə məşğuldur, TIR sürücüsü kimi fəaliyyət göstərir. Qətl baş verən vaxt Rusiyada olub və bu gün səhər Rusiya-Azərbaycan sərhədini keçərək dəfn mərasiminə gəlib.

Qətli törədən, əvvəllər Saatlı rayonunun Novruzlu kəndindəki 9 illik məktəbin direktoru olmuş Əhəd Əliyev mərhum Gülnar Qaraxanovanın bacısının əridir. Məlumatlara görə, ailə başçısının qazancından, ailənin ev almaq üçün pul yığdığından xəbərdar olan Əhəd Əliyev qətli məhz tamah məqsədi ilə törədib.

Mərhumun bibisi oğlu Şahlar Məlikovun bildirdiyinə görə, Əhəd Əliyev küçədə Gülnar Qaraxanlını izləyib, onun arxasınca evə girib və boğazını kəsmək istəyib. Bu zaman onunla əlbəyaxa olan G.Qaraxanova başından bıçaq zərbəsi alıb. Hadisə baş verəndə uşaqlar evdə olublar. Qadına 7 bıçaq vurulub, uşaqların isə boğaz nahiyəsi kəsilib. Qətli törədən şəxsin qıza əlavə 5 bıçaq da vurduğu bildirir.

O da məlum olub ki, həbs olunanda Ə. Əliyevin üstündə 20 min manat olub.

Onun evdən götürdüyü 40 min manatın 20 min manatı isə yoxdur. Bu faktın da istintaq orqanları tərəfindən araşdırıldığı bildirilir.


***08:38

Paytaxtın Nizami rayonunda 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və onun övladları - 2008-ci il təvəllüdlü Lamiyə Qaraxanlı, 2011-ci il təvəllüdlü Ataxan Qaraxanlını qətl etməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində az öncə saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin İctimaiyyətlə əlaqələr və Vətəndaşlarla İş şöbəsinin rəisi Elşad Hacıyev məlumat yayıb.
İlkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.

DİGƏR XƏBƏRLƏR

Top