“Xəstəxanada dedilər 17 manat girişə ödəməlisiz, 10 manat müayinəyə”


Naxçıvandakı dövlət xəstəxanalarının bir neçə gündür rəsmi olaraq pullu xidmətə başladığı iddia edilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat verib.
Bildirilir ki, artıq xəstəxanalara giriş - iynə vurulmasından, yara sarğısına kimi pullu olub. Onlar deyir ki, artıq təcili yardım çağırmaq üçün də pul ödəməli olacaqlar. Bu qayda artıq Kəngərli Rayon Mərkəzi Xəstəxanasında da tətbiq olunmağa başlayıb.
Rayon sakinlərinin dediyinə görə, xəstəxanaya giriş üçün 17 manat, həkim müayinəsi üçün 10 manat, bir iynəni vurmaq üçün 2 manat, sistem qoşmaq üçün rəsmi qaydada 10 manat tələb olunur. Təcili tibbi yardım çağırmaq üçün isə, məsafədən asılı olaraq 15 manatdan başlayan ödəniş edilməlidir.
Uzun müddətdir ki, yataq xəstəsi olan rayon sakinlərindən biri  deyir ki, artıq tibb bacılarına, xəstələrə evdə xidmət göstərmək də qadağan olunub:
“Mən özüm xəstəxanaya gedə bilmirəm. İndiyə kimi həkim iynə-dərmanımı yazırdı, tibb bacıları gəlib, evdə vururdu, biz də yüngülvari hörmət edirdik. Bu dəfə çağırdıq, həmişə gələn tibb bacısı dedi ki, bizə evlərə getməyə qəti qadağa qoyulub, gərək xəstəxanaya gələsiniz. Getdik xəstəxanaya, dedilər giriş 17 manatdır. Əlavə həkimin yoxlaması, iynə, sistem də pullu olub. Mənə sistem qoşulmalıydı, 10 manat istədilər. Hər ay 5-6 sistem, 20-30 iynə vurdurmalıyam. 200 manata kimi pul edir. Kasıb adamlarıq, mən özüm pensiya ilə dolanıram, boğazacan da borc içindəyəm. Bundan əlavə hər dəfə yataqdan durub, xəstəxanaya getmək zülümdür mənə. Qısacası deyirlər ki, yıxılın, ölün. Xəstəxanadan deyirlər ki, bizlik deyil, bu göstəriş Səhiyyə Nazirliyindən gəlib”.
Digər rayon sakini Mahmud Ömərov isə deyir ki, ağır xəstəsi üçün təcili tibbi yardım çağıranda, ona xəstəxanadan bu xidmətin artıq pullu olduğunu bildiriblər:
“Həmişə çağıranda pulsuz gəliblər. İnsaf üçün də deyim ki, çağıran kimi təcili də gəlirlər. Bu dəfə çağıranda dedilər ki, 20 manat ödəməlisiniz. İmkanımız yox idi. Xəstəyə də təcili həkim müdaxiləsi lazım idi. Hesabladım ki, taksi bundan ucuz başa gələr. 10 manat verib, taksi ilə getdik. Ancaq, xəstəxanada dedilər 17 manat girişə ödəməlisiz, 10 manat müayinəyə. Artıq baxmırlar ki, təcilidir, ya ölürsən. Pulunu ödəmədən baxmırlar. Qohumlar gəldi, pulu ödədi, ondan sonra xəstəmizə baxdılar. Qohumlar biraz gec gəlsəydi, bəlkə də xəstəmizə itirərdik. Xəstəxananın qabağı xəstə ilə doludur. İçəri buraxmırlar ki, pul ödəyin sonra. Heç kimdə də bu imkan yoxdur. Xəstəxanaya girib-çıxmaq üçün üst-üstə ən azı 50 manata yaxın pul lazımdır”.
“Gündəlik Naxçıvan” məsələyə münasibət öyrənmək üçün Kəngərli Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayıb. Oradan heç bir açıqlama verə bilməyəcəklərini, məsələ ilə bağlı Naxçıvan MR Səhiyyə Nazirliyi ilə əlaqə saxlamaq lazım olduğunu bildiriblər. Nazirlikdən isə sualları cavablandırmaq istəməyiblər.

Əliş Abdulla
 

DİGƏR XƏBƏRLƏR

Top