Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı


“Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə övladlığagötürmə ilə bağlı 2020-ci ildə 157 müraciət, 2021-ci ildə bundan 2,4 dəfə çox olmaqla 378 müraciət daxil olub.

Bu barədə Sosial Xidmətlər Agentliyindən bildirilib.

Qeyd edilib ki, 2022-ci ildə isə Agentlik tərəfindən 26 uşaq övladlığa verilib. Onlardan 16-sı oğlan, 10-u qızdır. Övladlığa verilmiş uşaqlardan 7-si ögey ata (ana) tərəfindən, 10-u isə qohumları tərəfindən övladlığa götürülüb. Bu il əcnəbilər tərəfindən övladlığagötürmə halı olmayıb.

Qeyd edək ki, övladlığaverilmiş uşaqların 17 nəfəri 0-3 yaş, 4 nəfəri 4-11 yaş, 5 nəfəri isə 12-18 yaş arasındadır. Övladlığa uşaq götürmüş şəxslərdən 23-ü ailəli, 3 nəfəri isə subaydır. Eyni zamanda, 2021-ci ilin əvvəlindən valideyn himayəsindən məhrum olmuş uşağa görə aylıq müavinət təsis edilib. Yeni sosial islahat paketi çərçivəsində həmin müavinət də 2022-ci ilin əvvəlindən 25% artırılaraq, övladlığa götürülən valideyn himayəsindən məhrum olmuş uşağa görə 160 manatdan 200 manata, sağlamlıq imkanları məhdud uşağa görə 480 manatdan 600 manata çatdırılıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bundan sonra “Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılmaqla, övladlığagötürmə sahəsində idarəetmə təkmilləşdirilərək, bu sahədə yeni müasir idarəetmə mexanizmi yaradılıb, övladlığagötürmə prosesinin əlçatanlığı, operativliyi və şəffaflığı təmin olunub.

DİGƏR XƏBƏRLƏR

Top