“”Van der Val Intl. Transport Bakı” şirkətinin 1996-2013-cü illərdə rəhbəri olmuşam. Bu doğrudur. Amma bu şirkətin Niderlandın ofşor şirkəti olması doğru deyil. Azərbaycanda olan şirkət ofşor ola bilməz. Hazırda isə bu şirkətə qardaşım rəhbərlik edir”.
Yeniavaz.com xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev “Baku TV”yə müsahibəsində bildirib.
A. Rzayev bildirib ki, hazırda şirkətlə heç bir əlaqəsi yoxdur:
“Mən 1996-2013-cü illərdə "Van der Val Intl. Transport Bakı" şirkətinə rəhbərlik etmişəm. Daha sonra ayrılaraq bu ilin avqustunadək akademik fəaliyyətlə məşğul olmuşam. Sözügedən şirkətə qardaşım İlqar Rzayev rəhbərlik edir. Bu doğrudur ki, qardaşım orda qalıb işləyir. Akademik fəaliyyətlə məşğul olanda da və indi də hansısa formada bu şirkətlə maliyyə və digər əlaqələrim yoxdur. Mən ayrılanda şirkətin 60-a yaxın avtomobili var idi. İndi istifadə olunan “DAW” avtomobillərini də ölkəyə ilk gətirənlər biz olmuşuq. Hazırda isə şirkət 15 maşından ibarətdir, heç də böyük şirkət deyil”.
O, həmçinin ən çox daşımaçılığın qardaşının şirkətinə verilməsilə bağlı səslənən iddialara da aydınlıq gətirib:
“Mən dəvət edirəm, gəlin, bütün daşıyıcılarla görüşün, soruşun. Bölgüdə icazələrə üstünlük verilir, şirkətə üstünlük verilmir. Vaxtilə xüsusi defisit icazələr var idi, heç olmasa, onlardan biri həmin şirkətə ayrılıbmı? Xahiş edirəm, bunları öyrənin. Digər şirkətlərlə eyni ədalət prinsipi qorunub. Bunu digər daşıyıcılarla da əlaqə saxlayıb dəqiqləşdirə bilərsiniz”.
Qeyd edək ki, mətbuatda icazələrin ən çox “Van der Val Intl. Transport Bakı” daşıma şirkətə verildiyi deyilir.