Agentlik Bakıda 442 evi güzəştli satışa çıxarıb - QİYMƏTLƏR


Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksi layihəsinin 2-ci mərhələsi üzrə mənzilləri satışa çıxarıb.

Yeniavaz.com MİDA-ya istinadən xəbər verir ki, söhbət 4 saylı bina üzrə 64, 6 saylı bina üzrə 44, 18 saylı bina üzrə 44, 21 saylı bina üzrə 44, 22 saylı bina üzrə 39, 23 saylı bina üzrə 39, 24 saylı bina üzrə 24, 25 saylı bina üzrə 72 və 26 saylı bina üzrə 72 mənzildən (ümumilikdə 442 mənzil) gedir.

Satış 30 mart saat 11:00-da başlayacaq, 8 aprel saat 11:00-a qədər davam edəcək. “Mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında seçim 4 aprel 2022-ci il tarixində saat 11:00-da başlayacaq və 8 aprel 2022-ci il tarixi saat 11:00-a qədər davam edəcək.

Prezidentin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Bütün binalar Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib, inşa olunub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 29.11.2018-ci il tarixli 26 396, 07.12.2018-ci il tarixli 26 436 nömrəli müsbət rəyləri mövcuddur.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilib.

Satış şərtləri və qiymətlər:

Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.

Qeyd: “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

Studio tipli mənzillərin qiyməti – 33 222 manatdan başlayır,

1 otaqlı mənzillərin qiyməti – 33 222 manatdan başlayır,

2 otaqlı mənzillərin qiyməti – 53 941 manatdan başlayır,

3 otaqlı mənzillərin qiyməti – 69 084 manatdan başlayır,

4 otaqlı mənzillərin qiyməti – 91 770 manatdır.

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.

Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:


 

Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin www.yasamal2.mida.gov.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı Bakı, Sumqayıt və 1 saylı Gəncə), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər. 

 

DİGƏR XƏBƏRLƏR

Top