""Media haqqında" yeni qanun məyusluq doğurur" - ABŞ səfiri


""Media haqqında" yeni qanunun qəbul edilməsi forması məyusluq doğurur. Qanun layihəsi üzərində iş zamanı sənədin təkmilləşdirilməsi məqsədilə bütün maraqlı tərəflərin fikirləri və ekspertlərin təklifləri nəzərə alınmayıb".
Yeniavaz.com
“amerikaninsesi.org”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger fevralın 16-da ABŞ-Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təşkil edilən dəyirmi masada bildirib.
“Biz narahatlığımızı açıq-aşkar dilə gətirdik. Çox şey bu qanunun təcrübədə necə tətbiq ediləcəyindən asılı olacaq. Hakimiyyət ondan mətbuat azadlığını məhdudlaşdırmaq üçün istifadə etsə, bu, çox məyus edəcək. Amma hakimiyyət qanundan vəd etdiyi kimi - mətbuatın səviyyəsini və jurnalistlərin peşəkarlığını artırmaq üçün istifadə etsə, başqa məsələ”, - səfir bildirib.
Azərbaycanın Demokratiya Forumuna dəvət edilməməsinə gəlincə səfir Litzenberger deyib ki, iştirakçılar bu və ya digər ölkədə demokratiyanın vəziyyəti nəzərə alınmaqla seçilib.
“Ümid edirik ki, gələcəkdə Azərbaycan da iştirakçılar arasında olacaq, amma bunun üçün əsas azadlıqlar, vətəndaş cəmiyyətinin imkanları, insan hüquqlarına hörmət kimi məsələlərdə müəyyən irəliləyiş olmalıdır", - səfir deyib.
Qeyd edilir ki, fevralın 8-də Azərbaycan Prezidenti İlham Əliyev ölkə parlamentinin ötən il dekabrın 30-da qəbul etdiyi “Media haqqında” qanunu imzalayıb. Dövlət başçısı qanunun tətbiqi və ondan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman da imzalayıb.
Qanun parlamentdə qəbul edildikdən sonra ABŞ Dövlət Departamenti İlham Əliyevi onu hazırkı formada imzalamamağa çağırıb.
Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Sənəd 9 fəsil 78 maddədən ibarətdir.

DİGƏR XƏBƏRLƏR

Top