Bu gün UEFA Konfrans Liqası çərçivəsində “Marsel” (Fransa) – “Qarabağ” matçı baş tutacaq.
“Qarabağ” futbol klubunun mətbuat katibi Gündüz Abbaszadə Yeniavaz.com-a bildirib ki, Marsel şəhərində yaşayan ermənilərin ehtimal olunan təxribatına görə UEFA-ya müraciət edilib:
“Biz fevralın 15-dən Marseldəyik. Gəldiyimiz andan bu günə kimi hər hansı təxribat cəhdi görməmişik. Ehtimal olunan təxribat halları ilə bağlı UEFA-ya müraciət etmişik. Bu gün oyun qabağı iclasda da UEFA-ya məlumat vermişik. Öncədən bütün tədbirlər görülüb. “Marsel” tərəfi də bizi əmin edir ki, hər hansı təxribat olarsa, onun qarşısı dərhal alınacaq”.
Qeyd edək ki, Marsel şəhəri Fransada ermənilərin ən çox məskunlaşdığı yaşayış məskənlərindən biridir. Bu şəhərdə ermənilərin futbol oyunları zamanı təxribat törətməsi halları dəfələrlə yaşanıb.
Sonuncu dəfə UEFA Avropa Liqasının cari mövsümünün qrup mərhələsi çərçivəsində Türkiyənin “Qalatasaray” klubu da “Marsel”in qonağı olub. 30 sentyabr 2021-ci ildə 2-ci tur çərçivəsində keçirilən matçda da ermənilər stadionda təxribat törədiblər.
Xatırladaq ki, Konfrans Liqasının 1/16 final mərhələsində baş tutacaq “Marsel” – “Qarabağ” matçı bu gecə Bakı vaxtilə 00:00-da start götürəcək.