"Eldar Mahmudovun siyahısındakılar 1 milyon dollar verməlidir" - "MTN işi"


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, ötən prosesdə iş adamı Namil Rzayev ifadə verib.

O deyib ki, MTN generalı ondan hədə qorxu ilə 500 min dollar alıb:

“Mənim xalam oğlu polisdə işləyirdi. Onun vasitəsilə Mövlam Şıxəliyevlə tanış olmuşdum. Mövlam mənim şəhərdəki ofisimin yanında yaşayırdı. Mənim "Texnikabank"da əmanətim var idi. Mövlam Şıxəliyevin rəhbərliyi altında “Texnikabank”da araşdırmalar başlandıqda Vüsal Ələkbərov məni MTN-in İstintaq İdarəsinə çağırdı.

MTN-ə girən kimi dedi ki, sizi “Texnikabank” işi ilə bağlı həbs edəcəyəm. Məndən 1 milyon pul tələb etdi. Vüsal Ələkbərova dedim ki, "Mövlam Şıxəliyevlə tanışlığım var, get, ona de ki, onunla görüşmək istəyirəm". Mövlam Şıxəliyev məni kabinetində çox yaxşı qarşıladı.

İş masasında bir siyahı vardı, əlinə götürüb dedi ki, "Eldar Mahmudovun siyahısıdır, burada sənin də adın var. Şefin siyahısında olanlar 1 milyon dollar pul verməlidir". Mövlam Şıxəliyevdən soruşdum ki, "mənim cinayətim nədir? Nə etmişəm ki, 1 milyon dollar tələb edirsiniz?" Dedi ki, siz “Texnikabank”a pul qoymusunuz, 1 faiz yazdırıb, 2-3 faiz almısınız". Bu yalan ittiham idi.

Mövlam Şıxəliyev hədələdi ki, pulu verməsən, tutulacaqsan. O qədər pulum olmadığını dedim. Mövlam Şıxəliyev isə dedi ki, "gedirəm Eldar Mahmudovun yanına, görüm nə deyir". Eldar Mahmudovun yanına getdi, az sonra qayıdıb gəldi. 700 min dollar versəm, barəmdə cinayət işi başlanmayacağını dedi".

Rzayevin sözlərinə görə, ikinci dəfə görüşəndə Mövlam Şıxəliyev qiyməti 500 min dollara endirib:

“Həmin vaxt tanışlarım Nizami Kazımovu, Hüseyn Səfərovu da “Texnibank”a əmanət qoyduqlarına görə qanunsuz həbs etmişdilər. Ona görə də qorxdum, düşündüm ki, həbs edilsəm, qohum-qardaş 1 milyonu yığıb verəcək. Məcbur olub razılaşdım.

Görürdüm ki, tələb etdikləri pulu verməyənləri həbs edirlər. “Funikulyor”un yanındakı evimi satdım. Vüsal dedi ki, “dəri çanta al, aldığın çantanın içinə göy-göyərtini yığ, gətir”. Mən də elə başa düşdüm ki, pulu çantaya qoyandan sonra üstünə göyərtini ona görə yığdırır ki, kənardan baxan çantada göy-göyərti olduğunu zənn etsin. Belə də elədim, 300 min pulu çantaya qoydum, üstünə də göyərti yığıb aparıb ona verdim. O zaman Vüsal pulu alanda güldü, dedi ki, göy-göyərti deyəndə dollar nəzərdə tutub. Yerdə qalan 200 min dolları da şəxsən Mövlam Şıxəliyevə verdim”.

Daha sonra Namil Rzayev dövlət ittihamçısının suallarını cavablandırıb.

"Pulu niyə 2 dəfəyə verdiniz" sualına iş adamı belə cavab verib:

“Mövlam Şıxəliyev belə tapşırmışdı. Mənə demişdi ki, 300 min manatı Vüsal Ələkbərova ver. Qalan pulu mənə verərsən. Amma bunu kimsə bilməsin. Bunun müqabilində Mövlam Şıxəliyev öz adına bir məktub yazdırmışdı. Həmin məktubumda mən Mövlam Şıxəliyevdən xahiş edirdim ki, “Texnikabank”a qoyduğum əmanətimin mənə qaytarılmasına kömək göstərsin. Həmin məktubun surəti məndə var, məhkəməyə də təqdim edirəm. Lakin Mövlam Şıxəliyev məni aldatdı, “Texnikabank”dakı əmanətimi qaytarmadı.

Şıxəliyev 200 min dolların Eldar Mahmudovdan gizlədilməsini istəyirdi. Belə başa düşdüm ki, həmin 200 min dolları Eldar Mahmudovdan xəbərsiz özünə götürdü”.

İttihama görə, Mövlam Şixəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.

DİGƏR XƏBƏRLƏR

Top