"Ölən əmioğlumu xəstəxanaya özüm apardım, amma mənim ifadəmi almadılar" - İDDİA


Qəbələ rayon sakini 1975-ci il təvəllüdlü Salahov Bəxtiyar Tacir oğlunun öldürülməsi ilə bağlı cinayət işinin araşdırılmasının hüquq-mühafizə orqanları tərəfindən ləngidildiyi iddia olunur.

Bu barədə birinci Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil Bəxtiyar Salahovun əmisi oğlu Nəsib Salahovun Yeniavaz.com-a müraciəti daxil olub.
N. Salahov hadisənin baş vermə anını təsvir edərkən bildirib ki, B. Salahov hadisə baş verən gün, yəni ötən il dekabrın 24-dən 25-nə keçən gecə evə gəlməyib:
“Həyat yoldaşı səhər saatlarında Bəxtiyarın avtomobilinin həyətlərində olduğunu görüb. Avtomobilə yaxınlaşan qadın həyat yoldaşının sükan arxasında yox, yan tərəfdə oturduğunu görüb. Həyat yoldaşını evə aparmağa cəhd edən qadın onun hərəkətsiz olmasından təlaşlanıb. Daha sonra yerdə qan ləkəsini görən qadın həyat yoldaşını yoxlamağa başlayıb. Və B. Salahovun ayaqlarının qan gölməçəsi içində olduğunu görüb. Biz onu xəstəxanaya apardıq. Xəstəxanada onu əlil arabasına otuzduranda ayağının tamamilə qırılıb dəridən asılı qaldığını gördük. O, elə xəstəxanadaca çoxlu qan itkisindən dünyasını dəyişdi”.
N. Salahov bildirir ki, əmisi oğlu sonuncu dəfə dostları ilə restoranda olub:
“İçkili olduğundan yanında olan dostu Ramin Məhərrəmov ona məxsus avtomobili idarə edib. Onlar ikisi avtomobillə B. Salahovun yaşadığı evin həyətinə gəliblər. Avtomobilin içində bir az söhbət etdikdən sonra Ramin Məhərrəmov sağollaşaraq gedib. Dostu mənə dedi ki, o gedənə qədər heç bir hadisə baş verməyib”.
N. Salahov qeyd edir ki, hadisədən uzun müddət keçməsinə baxmayaraq qatil tapılmayıb. Məsələ ilə maraqlanmaq üçün rayon prokurorluğuna getdikdə isə onu içəri buraxmırlar. N. Salahovun sözlərinə görə əmisi oğlunu xəstəxanaya özünün aparmasına baxmayaraq onun ifadəsi alınmayıb.
Məsələ ilə bağlı Baş prokurorluğun Mətbuat Xidmətinə sorğu ünvanlasaq da, müraciətlərimizə cavab verilmədi.

DİGƏR XƏBƏRLƏR

Top