Nazirdən 88 min mənimsəyən direktorun yerinə TƏYİNAT


11 nömrəli İnteqrasiya təlimli internat məktəbinə yeni direktor təyin olunub.

Yeniavaz.com unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Yeganə Məmmədəliyeva təyinat alıb. Qeyd edək ki, Y.Məmmədəliyeva bu təyinatadək 4 nömrəli Respublika xüsusi internat məktəbinin direktor müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət öncə Gülnarə Abdullayeva barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Mcəlləsinin 179.3.2 (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı. Hazırda istintaq davam edir.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, Gülnarə Abdullayeva 2020-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayınadək olan müddətdə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə faktiki olaraq işə gəlməyən müəllimlərin guya işə gəlməklə tədris həyata keçirməsi, müəllim və tərbiyəçilərin dərs saatlarının artıq göstərilməsi, gündəlik məktəbə gələn uşaqların sayının artıq göstərilməsi ilə onların qidalanması üçün tələb olunan qida məhsulları və içməli suyun artıq rəsmiləşdirilməsinə nail olmaqla 88 min 622 manat pul vəsaitini nağdlaşdıraraq mənimsəyib, vəzifə saxtakarlığına yol verərək səlahiyyətlərindən sui-istifadə edib.

Cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, G.Abdullayevanın otağına keçirilmiş baxış zamanı ayrı-ayrı şəxslərin adına olan 4 ədəd plastik kart, işçilərə pul vəsaiti verməsi ilə bağlı qeydlərin aparıldığı dəftərçəsi aşkar olunaraq götürülüb.

Xatırladaq ki, Gülnarə Abdullayeva ötən ilin oktyabr ayında vəzifəsindən azad olunub.

DİGƏR XƏBƏRLƏR

Top