Elman Rüstəmov: "Biz monetar siyasəti addım-addım sərtləşdirməyə doğru gedirik”


“Beynəlxalq təşkilatların, dünyanın aparıcı mərkəzi banklarının və Azərbaycan hökumətinin proqnozları ondan ibarətdir ki, ilin ikinci yarısından başlayaraq inflyasiya azalmağa doğru getməlidir".

Yeniavaz.com xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, bütövlükdə Azərbaycan hökuməti və Mərkəzi Bankı qarşısında duran başlıca hədəf inflyasiyanın həcminin, səviyyəsinin azaldılmasıdır: "Bildiyiniz kimi, inflyasiya olduqca qlobal bir iqtisadi proses kimi qarşımızda durub. Artıq yanvar ayının nəticələrində də görürük ki, dünyanın aparıcı ölkələrində inflyasiyanın səviyyəsi qalxmaqda davam edir”.

E. Rüstəmov qeyd edib ki, bu istiqamətdə biz beynəlxalq inflyasiyanın azalmasına çox ümid edirik: "Çünki monetar, pul-kredit siyasəti sərtləşməlidir. Onlar antiinflyasiya tədbirlərini gücləndirməlidirlər ki, həm öz ölkələrində inflyasiyanı məhdudlaşdırsınlar, həm də Azərbaycana inflyasiya idxalını azaltsınlar. Digər tərəfdən, inflyasiyanın daxili amilləri də nəzarətdədir. Biz monetar siyasəti addım-addım sərtləşdirməyə doğru gedirik”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 12,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,1 %, qeyri-ərzaq məhsulları üzrə 5,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 11,1 % artıb.

 

DİGƏR XƏBƏRLƏR

Top