Nəcməddin Sadıkovun adı bu dəfə generalın qətlində hallandı - İDDİA


2009-cu il fevralın 11-də Müdafiə Nazirliyi 
Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, o dövrdə müdafiə nazirinin müavini olan general-leytenant Rail Rzayev Bakının mərkəzində qətlə yetirilib.

O, Azərbaycan müstəqillik əldə etdikdən sonra qətlə yetirilən 3-cü yüksək rütbəli hərbçi idi. Ona qədər 1993-cü ildə Ali Hərbi Dənizçilik Məktəbinin admiralı Eduard Hüseynov, 1994-cü ildə isə Prezident yanında Xüsusi İdarənin rəhbəri Şəmsi Rəhimov qətlə yetirilmişdi.

Yeniavaz.com “yeni müsavat”a istinadla xəbər verir ki, bu qətllə bağlı müxtəlif versiyalar var, amma ən diqqətçəkən versiyanı Azərbaycan təhlükəsizlik orqanının əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu dilə gətirib.

Ərəstun Oruclu deyib ki, “general-leytenant Rail Rzayevin qətlindən tutmuş 2019-cu ilin yayında MİQ-29 qırıcı təyyarəsinin “qəzaya uğramasınadək” baş verənlərdə Nəcməddin Sadıkovun birbaşa iştirakı var”.

Lakin Ərəstun Oruclunun iddiası bu günə qədər yoxlanılmayıb, araşdırılmayıb. Ümumiyyətlə, Rail Rzayevin qətlindən sonra baş verənlər cinayətin açılması deyil, daha çox ört-basdır olunması təəssüratı yaradır.

Qətldən sonra Müdafiə Nazirliyinin (MN) verdiyi açıqlamaya görə, general-leytenant səhər saatlarında işə gələrkən başından güllələnib. Olay zamanı onun yanında yalnız sürücüsü olub. General MN-in Kliniki Tibbi Mərkəzinə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Versiyalardan birinə görə, general-leytenantın sürücüsü maşını evindən bir qədər aralıda, yol kənarındakı zibil yeşiklərinin yanında saxlayıb. Sürücü maşından zibil dolu sellofan torbanı götürüb zibil yeşiyinə atarkən maşına arxa şüşə istiqamətindən səssiz tapança ilə güllə atılıb. Güllə generalın başının arxa nahiyəsinə dəyərək beynini zədələyib və ölüm baş verib.

Həmin gün Bakıda olduqca intensiv yağış yağıb və hava küləkli olub. Buna görə də sürücü maşına qayıdandan sonra nə baş verdiyini anlaya bilməyib. Rail Rzayevin ağzından qan gəldiyini görəndə onun adyutantı Aydın Rəfiyevə zəng edib və sonuncu sürücüyə birbaşa Kliniki Tibbi Mərkəzə getməsi barədə göstəriş verib. Yalnız orada həkimlər generalın başının arxa hissəsində güllə dəliyini görüb Rail Rzayevin qətlə yetirildiyini anlayıblar. Xaincəsinə törədilən qətl həmin dövrdə milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudovun eyvanının altında baş verib. Azərbaycanın hava məkanına cavabdeh olan, müdafiə nazirinin müavini postunu tutan general-leytenantı ölkənin milli təhlükəsizlik nazirinin eyvanı altında qətlə yetirmək cinayətin özünə arxayın olan dairələr tərəfindən planlaşdırılıb gerçəkləşdirilməsindən xəbər verir.

Bu günə qədər Rail Rzayevin qətli ilə bağlı bir sıra versiyalar səsləndirilib. Bütün hallarda general-leytenantın xidməti işi ilə bağlı öldürülməsi versiyası əsas götürülür.

Rail Rzayev 1992-ci ildən etibarən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edirdi. Ölkə Prezidentinin sərəncamı ilə 1993-cü ildə müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsinə təyin edilmişdi və öldürülən günə qədər bu vəzifədə çalışıb. 1994-cü ildə ona general-mayor, 2002-ci ildə isə general-leytenant hərbi rütbələri verilmişdi. Rail Rzayev bir sıra orden və medallara layiq görülmüş, o cümlədən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdi. Keçmiş hərbçilər Rail Rzayevin qətlinin səbəblərini onun tutduğu vəzifədə axtarmağı doğru sayırlar. Deyirlər ki, bu qətl onun xidməti fəaliyyəti ilə bağlı olan məsələdir. Ona görə ki, Rail Rzayev 17 il ərzində Müdafiə Nazirliyinin rəhbər şəxslərindən biri olub. Bu illər ərzində o, çox məsələləri dərindən bilib və bir çox hallarda qanunsuz əmrləri kənara qoymağı bacarıb. Bu isə onun çox güclü, səlahiyyət sahibi olan bədxahlarının sıralarını genişləndirib.

Üstündən 13 il ötsə də, bu işlə yaxından-uzaqdan tanış olanlar əmindirlər ki, Rail Rzayevin qətli sırf onun işi ilə bağlı olub və bu istiqamətdə real olaraq araşdırma aparılsa, cinayət işi məntiqi sonluğuna çatar.

Rail Rzayevin qətlindən sonra yayılan və bu günə qədər təkzib edilməyən məlumatlara görə, Rail Rzayev fevralın 4-5-dən izləndiyini bilib. Hətta bu haqda raportla o dövrdə müdafiə naziri və birbaşa tabe olduğu Səfər Əbiyevə, həmin vaxt milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudova məlumat verib. 1 həftə sonra isə onu qətlə yetiriblər. Onun raportla izləndiyini məlumatlandırdığı 2 vəzifəli şəxsin sonrakı davranışları da müəmmalıdır. Hadisə baş verən gün ölkə prezidenti Küveytdə səfərdə idi. Olay baş verəndən dərhal sonra prezident İlham Əliyev Azərbaycana qayıdıb təcili olaraq Təhlükəsizlik Şurasının iclasını keçirdi. Həmin iclasa Rail Rzayevin raportuna reaksiya verməyən Eldar Mahmudov qatılmayıb. Halbuki, Rail Rzayevə güllə birbaşa onun eyvanı altında atılıb. Rail Rzayevin raportunu almış Səfər Əbiyev də öz müavininin dəfnində və yas məclisində iştirak etməyib, mətbuata açıqlama verməyib, qətlin açılması üçün vəzifədə olduğu müddətdə və nazir postundan azad ediləndən sonra da səsini çıxarmayıb. Sonradan Eldar Mahmudov bu qətl işi haqda bir neçə dəfə mətbuata açıqlamalar vermiş, general-leytenantın qətlinin 2 ailəsi arasında mülk üstündə yaranmış mübahisəyə görə baş verə biləcəyini dilə gətirmişdi. Rail Rzayevin 2-ci həyat yoldaşı isə Eldar Mahmudovun bu açıqlamalarını özlərinə təhqir hesab edərək məhkəməyə sənədlər hazırlamışdı. Bu haqda general-leytenantın qızı Rahilə Rzayeva “Yeni Müsavat”a müsahibələrindən birində demişdi.

Həmin müsahibədən sitat: “Eldar Mahmudov vaxtilə Rail Rzayevin qətli ilə bağlı belə bir versiya səsləndirmişdi ki, guya anamın qohumları mülk üstündə onu qətlə yetiriblər. Bu, çox gülünc versiya idi. O dövrdə anam Eldar Mahmudovu məhkəməyə vermək istəyirdi. Sonradan məsləhət görülmədi. İstintaqda o vaxt məsələ qalxmışdı ki, işdə zərərçəkən kimi mənim anamı tanısınlar. Eldar Mahmudov yerində olan kadr deyildi. Yoxlanılmamış bir versiyanı, sadəcə, nəsə demək xətrinə ortaya atırdı. Əsl çekist, kəşfiyyatçı elə bir gülünc versiyanı dilinə gətirməzdi. Eldar Mahmudov həmin versiyanı deyəndən sonra anam güc nazirlərindən birinin yanına getdi. Dedi ki, versiyanız varsa, qoyun ortaya. Yoxdursa, onun versiyaları olan məqaləni ləğv edin. Jurnalist deyilən versiyanı yazır, amma həmin versiyanın arxasında bizim həyatımızın olduğu nəzərə alınmır. Qətldən sonra elə qüvvələr ortaya çıxdı ki, 1-ci ailəsi ilə 2-ci ailəsinin arasını yalanları ilə qatıb-qarışdırmaq istədilər. O qədər primitiv söhbətlər ortaya atırlar ki… Mal-mülk… Amma həyat göstərdi ki, anam çox müdrik, gözütox qadındır. Anama dəfələrlə deyiblər, o da deyib ki, mən heç kəslə mal-mülk davası etməyəcəyəm. Nə verilir, verilir, verilmirsə, verilmir”.

Bundan başqa, Rahilə Rzayeva atasının qətlindən 1 həftə əvvəl izlənməsi haqda raportla o dövrdə müdafiə naziri olan Səfər Əbiyevə, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət etdiyini təsdiqləmişdi.

Sitat: “Rail Rzayev izlənirdisə, bu barədə rəhbərliyi, xüsusi xidmət orqanlarını məlumatlandırmışdı. Niyə onlar tədbir görməyiblər, hərəkətə keçməyiblər? MTN-ə, öz nazirinə müraciət etmişdisə, bunlar hara baxırdılar?”

Bu sualların cavabı bu günə qədər verilməyib. Rail Rzayevin qətlindən sonra Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə qəsdən adam öldürmə) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə cinayət başlanan cinayət işi nəticəsizdir. İstintaq Rail Rzayevin yavəri Anar Haşımovu, köməkçisi Aydın Rəfiyevi və onun oğlu Anar Rəfiyevi də həbs etmişdi. Bu adamların həbsi qətlə birbaşa bağlı deyildi. Tutulanlar Rail Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlamaqda ittiham olunurdular. 2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Aydın Rəfiyev 9, Anar Rəfiyevi 7 il 6 ay, A.Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Artıq hər 3 şəxs azadlıqdadır.

2016-cı ildə Qaradağ Rayon Məhkəməsi Aydın Rəfiyev cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etdi. Mərhum generalın qızı Rahilə Rzayeva Aydın Rəfiyev haqda bu sözləri demişdi: Sitat: “Bu adamlar hər ikisi hərbçi idi. Qətl törədilən an orada, yanında sürücüsü olub. Hadisədən sonra gedib Aydın Rəfiyevi evindən götürüb. Aydın Rəfiyev yerin altını da, üstünü də bilən adamdır. Sürücü maşına oturur, görmür ki, maşının arxa şüşəsində deşik var? Sonradan Aydın Rəfiyev də maşına minir. Amma bunların heç biri maşının arxa şüşəsindəki deşiyi görmürlər? Ağzından qan axdığını görmürdülər? Bu, uşaq nağılına oxşayır. Yalandan da deyirlər ki, elə bildik ki, ürəyi tutub. Onu vaxtında hospitala çatdırmayıblar. İbrahim Tatlısəsin də başına atəş açdılar, amma sağ qaldı. Çünki vaxtında həkimə çatdırmışdılar. Amma bunlar nə ediblər? Qəsdən ora-bura sürüyüblər, vaxt uzadıblar”.
Rahilə Rzayeva Aydın Rəfiyev və digərlərinin onun seyfindən oğurladıqları 200 min avronun da onlara qaytarılmadığını açıqlamışdı.

Sitat: “Həmin 200 min avronu ailəyə qaytarmırlar. Qanunla həmin pul vərəsələr arasında bölünməlidir. Oradan-buradan sənədlər də yığıblar ki, guya Rail Rzayevin borcu varmış, guya pullar həmin borclara veriləcək. Bu, gülünc söhbətdir. Atam gedib “Nasosnı”da borcu olan adamların borclarını bağlatdırırdı. Öldürüləcəyini bilən, özünə qəbir qazdıran adam borcları olsaydı, verməzdimi? O, borc alan adam deyildi. Bir şikəstin, bir atası qətlə yetirilən qızın pulunu yemək kimə lazımdır? Yetimin payını yeməzlər! Mən xaricdə təhsil almaq istəsəm, həmin pulu ödəyib təhsil ala bilərəm. Bu pulu götürüb ailəyə qaytarmayanlar elə bilirlər qazanc əldə ediblər? Bizim atamız pulu kişi kimi qazanıb. Biz heç kimin yanında gözükölgəli deyilik”.

General-leytenant Rail Rzayevin xain qətlindən 13 il ötsə də, ortada olan versiyalardır. Killer və ona sifariş verənlər isə azadlıqdadır…

DİGƏR XƏBƏRLƏR

Top