SOCAR-a rəhbərlik edəcək 40 yaşlı Rövşən Nəcəf kimdir? - DOSYE


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib. Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Rövşən Çingiz oğlu Nəcəfə həvalə edilib.
Yeniavaz.com
R. Nəcəfin dosyesini təqdim edir:
R.Nəcəf 1982-ci ildə Bakıda anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olub, 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura pilləsini fərqlənmə ilə bitirib. 2007-2008-ci illərdə Dövlət Neft Şirkətinin (SOCAR) təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını uğurla bitirib.
Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər və Marketinq kafedrasında laborant vəzifəsində başlayıb. 2003-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və Beynəlxalq İqtisadi Əməkdaşlıq Departamentinin İnvestisiya Siyasəti Şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifəsində çalışıb. 2008-2009-cu illərdə SOCAR-ın Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib. 2009-2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf Nazirinin köməkçisi olub. 2010-2018-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışıb.
Ölkə prezidentinin 2018-ci il 11 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ İnkişaf və Elektron Hökumət Məsələləri Şöbəsinin müdiri təyin edilib.
Ölkə prezidentinin 2019-cu il 28 avqust tarixli Sərəncamı ilə Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri, 2020-ci il 11 fevral tarixli Sərəncamı ilə İqtisadiyyat nazirinin müavini təyin edilib.
İlham Əliyevin 10 fevral 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.
İqtisadiyyat üzrə fəlsəfə doktorudur. 3-cü dərəcəli dövlət müşaviridir.
Ailəlidir, 2 övladı var.

DİGƏR XƏBƏRLƏR

Top