Gürcüstanın “İmedi” telekanalı efirdə gedən “Qarabağ Azərbaycandır” və “Dolma da Azərbaycanındır” sözlərinə görə üzr istəyib.
Yeniavaz.com xəbər verir ki, hadisə ötən gün kanalın “Xronika” verilişinin efirində yaşanıb.
Belə ki, fevralın 9-da saat 20:00-da “Xronika” verilişinin efirində erməni qatığının Gürcüstan ərazisindən keçirilməsinə qadağa qoyulması ilə bağlı reportaj nümayiş etdirilib. Veriliş zamanı arxa planda gürcü dilində “matsoni” yazısı olan şüşələr göstərilib. Sözügedən yazının yanında isə ermənicə “Qarabağ Azərbaycandır” və “Dolma da Azərbaycanındır” sözləri yazılıb.
Bu gün “İmedi” televiziyası baş vermiş hadisəyə görə üzr istəyib. “İmedi” teleşirkətindən “Azadlıq” radiosunun Gürcüstan xidmətinə bildiriblər ki, efirdə “Google” axtarış sistemindən götürülmüş fotodan istifadə edilib və texniki işçi səhv edib. Kanal həmçinin sujeti bütün platformalardan siləcəyini vəd edib.