Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırıldı


Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti daha 1 il uzadılıb.

Yeniavaz.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklikdə əksini tapıb. 

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar (qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla) 2023-cü il yanvarın 1-dək dayandırılıb. Əvvəl bu müddət 2022-ci il yanvarın 1-dək müəyyən edilmişdi.

Qeyd edək ki, qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar aşağıdakılardır:

- vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar.

Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.

Xatırladaq ki, 2015-ci il noyabrın 1-dən qüvvəyə minən qanunun müddəti 2021-ci il yanvarın 1-dək olan dövrü əhatə etdiyi və bu müddət bitdiyi üçün keçən il yaz sessiyasında da 1 il (2022-ci il yanvarın 1-dək) artırılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top